Qısa tarixçə


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılmışdır.
 
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Republikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
 
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimidir: 
- müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
- müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;
- ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;
- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;
- müvafiq sahənin inkişafını təmin edir. 
 
25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.