Qida zənciri mərhələləri

Qida Zəncirinin Mərhələləri


Qida zəncirinin mərhələləri

İnsanların sağlam yaşamaları üçün düzgün qidalanma vacib şərtlərdən biridir. İstehsal, tədarük və istehlakda qida məhsullarından səmərəli və qənaətli istifadə olunmaması nəticəsində qida qıtlığı yaranır ki, bu da istehlakçı bazarına sintetik əsaslarla hazırlanmış məhsulların daxil olmasına imkan yaradır. Yetərli miqdarda və balanslı qaydada təhlükəsiz və keyfiyyətli qida qəbul etmək hər bir fərdin ən təməl hüquqlarından biridir.

Qidalar ilkin istehsaldan (ferma və tarla) istehlakçıya qədər hər mərhələdə onların təhlükəsizliyini poza biləcək amillərlə qarşılaşırlar. İlkin istehsal zamanı istifadə olunan aqrokimyəvi maddələr, pestisidlər, heyvan sağlamlığı üçün istifadə olunan dərman və preparatlar, qida üçün əlavə qatqılar insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu baxımdan Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) 2000-ci ildə başladığı “Tarladan süfrəyədək qida təhlükəsizliyi” yanaşması, qidaların süfrəyə gətirilənədək olan bütün mərhələlərdəki əməliyyatları və izlənilməni özündə ehtiva edir. Başqa sözlə, müasir dünyada qida məhsulları ilə əlaqədar ən vacib problemlərdən biri olan qida təhlükəsizliyi sağlam qida əldə etmək üçün qidaların istehsaldan istehlaka kimi bütün mərhələlərində müvafiq qaydalara riayət edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi kimi başa düşülür.

Qida təhlükəsizliyi - qida məhsulunun yetişdirilmə, yığım, emal, paketləmə, saxlanma, daşınma, paylanma, satış və istehlak mərhələlərində insan sağlamlığına zərərli ola biləcək hər növ amildən qorunması üçün planlaşdırılmış əməliyyatlardan ibarət bir sistemdir. Qida təhlükəsizliyinə mənfi təsir edən amillər bioloji, kimyəvi və fiziki çirklənmələr və istehsal zamanı yol verilən xətalı əməliyyatlardan qaynaqlanır. Bu baxımdan “qida təhlükəsizliyi” qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən hər bir fərdin öz vəzifələrini düzgün icra etməsi ilə təmin oluna bilər.

İlkin istehsal (tarla və ferma)

İşçilər qidanın yetişdirilməsi, toplanması, sortlaşdırılması, paketlənməsi və saxlanılması üçün təhlükəsiz metodlardan istifadə etməklə, yarana biləcək təhlükələri minimuma endirməlidirlər.

İstehsal

İstehsalçılar müvafiq sanitariya-gigiyena norma və qaydalarına riayət edərək, düzgün və təhlükəsiz istehsal metodlarından istifadəni, həmçinin işçi heyətinin mütəmadi maariflənməsini təmin etməklə, yarana biləcək təhlükələrin qarşısını almalı, yaxud da minimuma endirməlidirlər.

Daşınma və saxlanma

Qida məhsullarının daşınmasında istifadə edilən nəqliyyat vasitələri və konteynerlər təmiz olmalı, daşınılan məhsulun növündən asılı olaraq müvafiq daşınma qaydalarına uyğun təchiz edilməlidir. Saxlanma zamanı çarpaz çirklənmə və məhsullarda mikroorqanizm inkişafına mane olmaq məqsədilə, müvafiq sanitariya-gigiyena norma və qaydalarına riayət etməklə mal qonşuluğu və uyğun mühitdə saxlanma təmin edilməlidir.

Satış

Müəssisə sahibi və işçilər əməliyyatları yerinə yetirərkən müvafiq norma və qaydalara uyğun olaraq, qida zəhərlənmələrinin qarşısını alacaq tədbirləri icra etməli, mal qonşuluğu və uyğun mühitdə saxlanmanı təmin etməlidirlər.

İstehlakçı məsuliyyəti

Qida zəhərlənmələrinin qarşısını almaq üçün istehlakçılar hər bir məhsulu müvafiq qaydada saxlamalı və emal etməli, bu zaman çiy və bişmiş (və ya qəbul üçün hazır) qida məhsullarını bir-birindən ayırmalı, onları emal etmək üçün fərqli (ayrılmış və işarələnmiş) ləvazimatlardan istifadə etməli, saxlanma zamanı mal qonşuluğu və uyğun mühitdə mühafizə qaydalarına riayət etməlidirlər.