“Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi haqqında məlumat


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsində fəal iştirakını davam etdirməkdədir. Bununla əlaqədar bildiririk ki, əsas məqsədi istifadəyə yararsız pestisid ehtiyatlarından və çirklənmiş sahələrdən davamlı üzvi çirkləndiricilərin (DÜÇ) ətraf mühitə ötürülməsini azaltmaq və pestisidlərin düzgün idarə edilməsi üçün potensialı gücləndirmək olan adıçəkilən layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb və 2022-ci ilin oktyabr ayına qədər davam etməsi nəzərdə tutulur. Layihə çərçivəsində aşağıda qeyd edilən komponentlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

- Davamlı üzvi çirkləndiriciləri və istifadəyə yararsız pestisidləri təhlükəsiz şəkildə məhv etmək və pestisidlərlə çirklənmiş bir ərazini bərpa etmək (Komponent 1);

- Pestisidlərin dövriyyəsinin bütün mərhələlərini idarə etmək üçün institusional və normativ-hüquqi bazanı gücləndirmək (Komponent 2);

- Əsas kənd təsərrüfatı bitkiləri üzrə kimyəvi pestisidlərin alternativlərindən müvəffəqiyyətlə faydalanmaq (Komponent 3);

- Bu üç komponent layihənin icrası ilə bağlı qərarların açıqlanmasını təmin edəcək və benefisiarların məlumatlılığı və layihə tədbirlərində iştirakı üçün zəruri şəraiti yaradacaq üfüqi müstəvidə layihə idarəetməsi, monitorinq və qiymətləndirmə və kommunikasiya komponenti (Komponent 4) ilə dəstəklənir.

Layihə çərçivəsində davamlı üzvi çirkləndiricilərin və digər istifadəyə yararsız pestisidlərin son dərəcə təhlükəli 900 ton ehtiyatlarının kənarlaşdırılması və çirklənmə mənbələrinin təmizlənməsi nəticəsində təhlükəli məhsulların birbaşa qlobal ətraf mühitə - havaya, suya və torpağa atılması azaldılacaq. Konteynerlərin istismarının nümayiş etdirilməsi və ictimaiyyətin və regionun tənzimləyici orqanlarının müvafiq risklərlə (qabların məişətdə təkrar istifadəsi, xüsusilə ərzaq məhsulları və içməli su saxlamaq üçün) bağlı məlumatlılığının artırılması vasitəsilə layihə tədbirləri pestisidlərin ətraf mühitə atılmasının mənfi təsirlərini daha da azaldacaq, yerüstü suların çirklənməsi və torpağın deqradasiyası riskini azaldacaq. Pestisidlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və onların icrası potensialının artırılması insan sağlamlığı və ətraf mühit üçün daha az təhlükə kəsb edən pestisidlərdən daha geniş istifadəyə, pestisidlərin keyfiyyətinə nəzarətin təkmilləşdirilməsinə və təhlükəli pestisidlərdən istifadənin daha yaxşı idarə edilməsinə töhfə verəcək. Ümumilikdə, bütün bu nəticələr yüksək təhlükəli pestisidlərin ətraf mühitə atılmasının azaldılmasına gətirib çıxaracaq.

Layihə onun səciyyəvi komponentlərinin icrasına töhfə verəcək bir sıra QHT-lərlə və özəl sektordan olan tərəfdaşlarla işləyəcək. Əsas maraqlı tərəflərin iştirakını genişləndirmək, komponentləri icra etmək üçün lazım olan müxtəlif bacarıqları əldə etmək və yaradılmış resurslar, şəbəkələr və kommunikasiya kanallarından yararlanmaq məqsədilə tərəfdaşlar komponentlər üzrə tapşırıq qruplarında fəaliyyət göstərəcəklər.

Qlobal Ekologiya Fondunun resurslar üzrə tərəfdaş olduğu layihədə Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası və Türkiyə Respublikası resipiyent ölkələr kimi iştirak edirlər.

Layihənin idarə edilməsi, layihə fəaliyyətinin dövlət strategiyası və ölkə prioritetləri ilə əlaqələndirilməsi, həmçinin məlumatların mübadiləsinin təmin edilməsi məqsədilə Agentlik sədrinin müşaviri Camal Quliyev layihənin yeni yaradılan İdarəetmə Komitəsinə üzv təyin olunub. Qeyd edək ki, layihənin İdarəetmə Komitəsinin ilk iclasının cari ilin mart-aprel tarixlərində keçirilməsi planlaşdırılır.