“Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsinin icrasına başlanılıb


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən irəli sürülmüş və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Kodeks Etimad Fondu Katibliyi tərəfindən uğurlu layihə olaraq qəbul edilən “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək” layihəsinin icrasına 2021-ci ilin yanvar ayından etibarən başlanılacaq imzalanmışdır.

Layihənin əsas məqsədi Kodeksin işində daha fəal və yaxından iştirakın təmin edilməsi, güclü və dayanıqlı milli Kodeks sisteminin qurulmasına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasına dəstək verilməsidir. Layihənin icra müddəti 3 il nəzərdə tutulub. Layihədən dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması, Milli SPS norma və qaydalarının inkişaf etdirilməsi üçün Kodeks standartlarından istifadə üzrə texniki heyətin bacarıqlarının gücləndirilməsi, Kodeksin işində iştirak edən heyətin Kodeks Alimentarius Komissiyası və köməkçi orqanlarının işində səmərəli iştirak üçün müvafiq biliklərə yiyələnməsi, bütün maraqlı tərəflərin Kodeksin işində fəal iştiraka cəlb edilməsi gözlənilənilir.

Layihənin əhatə etdiyi dövr ərzində AQTA-ya Milli Kodeks sisteminin fəaliyyətinin daha səmərəli təşkili üçün müvafiq normativ bazanın yaradılması, milli qanunvericiliyin tərkib hissəsi  olan sanitar və fitosanitar norma və qaydaların Kodeks standartlarına uyğun olaraq hazırlanması və təkmilləşdirilməsi, eləcə də Kodeks Komissiyasının fəaliyyətinə cəlb olunan bütün iştirakçılar arasında kommunikasiyanın gücləndirilməsi sahələrində dəstək göstəriləcək.

Qeyd edək ki, Kodeks işinin daha səmərəli təşkili məqsədilə bu sahədə bütün maraqlı tərəflərin (istehlakçılar, sahibkarlar, dövlət müəssisələri) ətraflı maarifləndirilməsi üçün xüsusi tədbirlər nəzərdə tutulub.