Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury) yayılmasının qarşısının alınması üçün fitosanitar tədbirlər aparılır


Paylaşılıb 13.07.2018


Amerika ağ kəpənəyi respublika ərazisində məhdud dairədə yayılmış və karantin tətbiq edilən zərərvericidir. O, meyvə-giləmeyvə, meşə, kol və yem bitkilərinin 250-dən artıq növünü zədələyərək ziyan vurur. Bu bitkilər arasında zərərvericinin ən əlverişli qidası tut, amerika ağcaqayını, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, üzüm və s. bitkilərin yarpaqlarıdır.

Amerika ağ kəpənəyi əsasən Avropa, Şimali Amerika, Yaponiya, Asiya, Ukrayna, Rusiya Federasiyası, Türkiyə, İran və Gürcüstanda yayılmışdır. Azərbaycanda isə bu kəpənəyə Abşeron yarımadasında, Astara, Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında rast gəlinir. Son illər isə Bərdə rayonunda yayılma ocaqları müşahidə edilmişdir.

Amerika ağ kəpənəyinin tırtılları tərəfindən bitkilərin yarpaqlarının yeyilməsi onların zəifləməsinə, məhvinə səbəb olur.

Tırtılların tükcükləri insanlarda allergik reaksiyalar törədə bilər. Kəpənəkləri isə ağ rəngdə olur, erkək fərdlərin qanadları üzərində isə tünd qəhvəyi nöqtələr vardır. Qanadları açılan zaman kəpənəklərin uzunluğu 20-36 mm-ə, bədən uzunluğu 9-15 mm-ə çatır.

Havanın temperaturundan asılı olaraq tırtılların inkişafı 30-40  gündə başa çatır. İnkişafını başa çatdıran tırtıllar gövdə qabıqları altında, oyuqlarda, kötüklərdə, divarların çatlarında,  torpaqda və s. yerlərdə pup  mərhələsinə keçir.

Kəpənəklər əkinlərə vizual baxış keçirilməsi yolu ilə aşkar edilir. Bunun üçün ayrı-ayrı budaqlarda diqqətlə baxılmalı və budaqlar silkələnməlidir. Kəpənəkləri gecə işığa və ya ultrabənövşəyi tələyə cəlb etməklə də  aşkar etmək mümkündür.

Adı çəkilən zərəvericilər hava axını, kənd təsərrüfatı və sənaye mallarının daşınması zamanı yayılır. Yayılmanın qarşısının alınması üçün zərərvericilərin yayıldığı ölkələrdən daxil olan xarici yüklər və nəqliyyat vasitələri diqqətlə karantin baxışından keçirilməli,  zərərvericilər aşkar edildikdə sənaye yükləri və nəqliyyat vasitəsi zərərsizləşdirilməlidir. Amerika ağ kəpənəyi yayılmış ölkələrdən meyvələrin idxalı və satışı xarici karantin qaydalarına uyğun həyata keçirilməlidir.

Respublikamızda həmçinin zərərvericilərin yayılmış olduğu ərazilərdən meyvələrin ixracı zamanı fitosanitar müfəttişlər ciddi şəkildə karantin baxışı keçirməlidirlər.

Ölkədə zərərverici ilə yoluxmuş yaşayış məntəqələrindən və təsərrüfatlardan meyvələrin və əkin materialının çıxarılması, “Respublika ərazisində Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə milli fitosanitar məhdudlaşdırıcı və ləğvedici tədbirlər planı” na uyğun həyata keçirilir.

Bitki mühafizə tədbirləri zərərvericinin sayının maksimum azaldılmasına və aşkar olunmuş ocaqların təcrid edilməsinə istiqamətlənir. Bu məqsədlə Amerika ağ kəpənəyinin hər bir nəslininin inkişaf dövründə iki dəfə monitorinq aparılır. Tırtıllarla birlikdə tor yuvaların aşkarlanması üçün yaşayış məntəqələrində, çay ətrafında, su hövzələrində və meşə kənarlarında tut ağacı əkinləri, ağcaqayın, meyvə, dekorativ, meşə və başqa ağac cinslərinə baxılır.

Yaşayış məntəqələrində və həyatyanı sahələrdə zərərvericilərə qarşı yalnız bakterial və hormonal preparatlar tətbiq edilə bilər. İnsektisidlərlə, yaxud bakterial preparatlarla  dərmanlanmış tut ağacı yarpaqları ilə tut ipəkqurdunun yemlənməsi qadağandır.  Zərərvericilərdən qorunmaq üçün payız və erkən yaz dövründə meyvə ağaclarının ölmüş qabıqlardan təmizlənməsi, gövdənin əhənglənməsi, bitki qalıqlarının toplanması və məhv edilməsi, meyvə bağlarında və həyatyanı sahələrdə ağacların çətirləri altında torpağın yenidən bellənməsi və ya şumlanması işləri  yerinə yetirilməlidir.

Amerika ağ kəpənəyinin yüksək yayılma qabiliyyətinə və çoxalma  potensialına malik olduğunu nəzərə alaraq əhaliyə müraciət edərək xahiş edirik ki, bu təhlükəli növün yayılma ocaqlarının vaxtında aşkar edilib ləğv edilməsi, populyasiyasının minumum səviyyədə endirilməsi və respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması məqsədi ilə zərərvericiyə rast gəldikdə dərhal Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və ya yerli qurumlarına məlumat versinlər.