Ev heyvanlarında SARS-CoV-2 törədicisi ilə bağlı elmi-tədqiqat işləri həyata keçirilib


Paylaşılıb 26.07.2021


Dünyada COVID-19 pandemiyasına səbəb olan və insanlarda atipik pnevmoniya yaradan SARS-CoV-2 infeksiyası ilk dəfə 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkar olunaraq 2019-nCoV kimi adlandırılıb. Törədicinin genom quruluşu 50 % MERS-CoV, 79 % SARS-CoV və 88 % BtRsCoV-la homoloji olduğundan ikinci tip kəskin tənəffüs sindromu viruslarına aid edilib. Son məlumatlara əsasən, SARS-CoV-2 törədicisi Coronaviridae ailəsinin Orthocoronavirinae yarımailəsinin Beta-Deltacoronavirus qruplarına aid yüksək mutagen xüsusiyyətlərə malik virus növü kimi təsnif edilir.

COVID-19 törədicisinin mənbəyi dəqiq məlum olmasa da, tədqiqatçılar tərəfindən bu barədə müxtəlif fərziyyələr irəli sürülür. İlkin qənaətə əsasən, xəstəliyin yayılmasına Çinin Uhan şəhərində yerləşən heyvan bazarında satılan yarasalar səbəb olub. Ehtimal olunur ki, virusun yarasalardan insanlara ötürülməsində gəmiricilər aralıq sahib rolunu oynayıb. Daha sonra aparılan araşdırmalar nəticəsində virusun yayılmasında panqolinlərin aralıq sahib rolu oynamasına da şübhə yaranıb. Qarışqalarla qidalanan və nəsli kəsilməkdə olan bu heyvanların gövdəsindəki pulcuqlar Çin təbabətində müalicə məqsədilə, əti isə delikates kimi istifadə olunur. Qeyd edək ki, Miçiqan Universitetinin tədqiqatçıları tərəfindən panqolinlərin ağciyər nümunələrində aşkar edilmiş koronavirus növü ilə COVID-19 virusunun genetik quruluşunda 91 %-ə qədər oxşarlıq müəyyən olunsa da, bu sahədə fundamental tədqiqatların aparılması zəruri hesab olunur. Hazırda COVID-19 virusunun su heyvanlarından (balıq, xərçəngkimilər, molyusklar, amfibiyalar) insanlara ötürülə biləcəyinə dair kifayət qədər dəlil yoxdur. Ona görə də virusun insanlar arasında yayılmasında onların epidemioloji roluna dair fikir yürütmək mümkün deyildir. Beləliklə, SARS-CoV-2 virusunun yarasa populyasiyalarında rezervasiya olunması barədə məlumatlar aktual olaraq qalır.

Qeyd edək ki, virusun ev heyvanlarından dəri, xəz və tük, eyni zamanda qida vasitəsilə insanlara ötürülməsi barədə məlumatlar yoxdur. Buna baxmayaraq, Beynəlxalq Qida Təhlükəsizliyi Təşkilatları Şəbəkəsinin (INFOSAN) tədqiqatlarına əsasən, virusun çiy və ya yaxşı bişirilməmiş heyvan mənşəli məhsullarla insanlara ötürülmə riski hələ də aktualdır.

Zoonoz xəstəlik olan SARS-CoV-2 törədicisinin heyvanlardan insanlara və ya əksinə ötürülmə mexanizminin təfərrüatları barədə əsaslı elmi nəticələrin olmamasına baxmayaraq, bir sıra ölkələrdə SARS-CoV-2 törədicisi ilə yoluxmuş it və pişiklərin sahiblərində bu xəstəlik aşkar olunub. Bununla yanaşı, ABŞ-da SARS-CoV-2 ilə yoluxmuş xidmətçidən zoopark heyvanlarına xəstəliyin ötürülməsi ilə bağlı məlumatlar da mövcuddur. SARS-CoV-2 ilə yoluxmuş insanlarla təmas nəticəsində heyvanlarının da bu infeksiyaya yoluxması barədə məlumatlara istinad edərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən bu istiqamətdə elmi-tədqiqat işləri həyata keçirilib. Tədqiqatın məqsədi ev heyvanlarının (it, pişik, qaramal, qoyun və keçi) SARS-CoV-2 ilə yoluxmasının, eyni zamanda heyvanların infeksiyaya məruzqalmasının virusla yoluxmuş insan faktoru ilə bağlılığının araşdırılmasıdır. Bu məqsədlə tədqiqatın ilkin mərhələsində heyvanlardan PZR (Polimeraz zəncirvari reaksiya) müayinəsi üçün nazofaringeal və orofaringeal yaxma, immunoferment (ELİSA) müayinəsi üçün isə qan nümunələri götürülüb.  

Tədqiqatın gedişatında 211 it, 136 pişik, 19 baş iribuynuzlu (qaramal) və 268 baş xırdabuynuzlu (qoyun, keçi) heyvandan nümunələr götürülüb. Təhlillər nəticəsində 7 it və 4 pişik qanında SARS-CoV-2 törədicisinə qarşı anticisimlər aşkar edilib ki, bu da xəstəliyin heyvanlar arasında məhdud şəkildə yayılmasını göstərir. Həmçinin müəyyən edilib ki, həmin heyvanlara xidmət edən işçi heyət arasında bu xəstəliyə yoluxanlar da olub. Daha dolğun məlumatların əldə olunması məqsədilə tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.

 

Məqalə AQTİ-nin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Əliyeva, S. Məmmədova, K. Əliyeva, Ş. Məmmədova, Ş. Rüstəmli, R. Kəngərli, J. İsgəndərova, F. Əlizadə tərəfindən hazırlanıb.