Dabaq xəstəliyi və onunla mübarizə üsulları


Paylaşılıb 12.10.2021


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə dabaq xəstəliyi haqqındadır.

Dabaq xəstəliyi heyvan sağlamlığına mənfi təsir göstərən xüsusi təhlükəli, transsərhəd, yoluxucu virus xəstəliyidir. Xəstəlik iqtisadi itkilərlə, o cümlədən süd və ət məhsuldarlığının azalması, reproduktiv fəaliyyətin zəifləməsi və heyvanın ölümü ilə nəticələnir. Xəstəliyə nəzarət və onun ləğvi üzrə tədbirlərə sərf olunan maddi vəsait, həmçinin heyvan və heyvan mənşəli məhsulların ixrac və idxal prosesində tətbiq olunan məhdudiyyətlər ölkə iqtisadiyyatında zərərlərə səbəb olur.

Azərbaycan Respublikası ərazisində dabaq xəstəliyi sonuncu dəfə 2001-ci ildə qeydə alınmışdır. Qeyd edək ki, son 10 il ərzində həyata keçirilən seromonitorinqlərin nəticələrinə əsasən, heyvanlar arasında xəstəlik halları aşkar edilməmişdir. İndiyə qədər ölkədə dabaq virusunun 4 serotipi - O, A (A7 və A22 serovarları), SAT-1 və Asiya-1 qeydə alınmışdır.

Qeyd edək ki, respublikamızda qonşu ölkələrlə (Rusiya, İran, Ermənistan, Gürcüstan və Türkiyə) həmsərhəd bölgələr, heyvan bazarları və heyvanların mövsümi miqrasiya marşrutları yüksək risk əraziləri kimi müəyyən edilmişdir.

Dabaq xəstəliyi baş verdiyi təqdirdə xəstəliyin aradan qaldırılmasında yoluxmuş heyvanların məhv edilməsi böyük əhəmiyyət kəsb edir. Dabaq xəstəliyinə nəzarətin gücləndirilməsi məqsədilə qəbul edilmiş Proqressiv Nəzarət Yolu (PCP) qlobal və strateji əhəmiyyətə malikdir. OIE tərəfindən dabaq xəstəliyinin yayılması ilə bağlı ölkələr üzrə aşağıdakı statusları müəyyən edilmişdir: 

1. dabaq xəstəliyi müşahidə edilən ölkələr;

2. peyvəndləmə ilə xəstəlikdən azad ölkələr;         

3. peyvəndsiz xəstəlikdən azad ölkələr.

 

Dabaq xəstəliyində peyvəndləmə ilə və ya peyvəndləməsiz azad ölkə kimi status alınması və OIE üzv ölkələri tərəfindən rəsmi olaraq tanınması üçün heyvanların miqrasiyasına nəzarət gücləndirilməli, ölkədəki faktiki vəziyyət və hazırda tətbiq olunan prosedurlar OIE-yə təqdim edilməlidir.

Ölkədə dabaq xəstəliyinin qarşısının alınması və ləğvinə nail olunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:

- ölkədə heyvanların identifikasiyası həyata keçirilməklə, heyvanların miqrasiyasına nəzarət gücləndirilməli;

- xəstəliyin qarşısının alınması və müşahidəsi üçün rəsmi nəzarət proqramı hazırlanmalı;

- xəstəliyə dair qaydalar, fövqəladə fəaliyyət planları hazırlanmalı;

- təsərrüfatda olan bütün həssas heyvanlar zəruri dövri peyvəndlənməyə cəlb olunmalı;

- xəstəliyin izlənilməsi və erkən aşkarlanması məqsədilə ölkə üzrə mütəmadi seromonitorinqlər həyata keçirilməli, passiv müşahidə sistemi təkmilləşdirilməli;

- baytar həkimləri, fermer və heyvandarlıq üzrə mütəxəssislərin iştirakı ilə xəstəlik üzrə mütəmadi simulyasiya təlimləri həyata keçirilməli;

- xəstəlik törədicisinin ekzotik ştammları aşkar edildiyi halda təsərrüfatda olan bütün heyvanlar kəsilərək zərərsizləşdirilməli və digər zəruri profilaktiki tədbirlər həyata keçirilməli;

- əhali arasında dabaq xəstəliyinə dair maarifləndirmə işləri genişləndirilməli;

- heyvandarlıq təsərrüfatlarında biotəhlükəsizlik, baytarlıq-sanitariya və sanitar-gigiyenik qaydalar gücləndirilməli;

- təsərrüfata yeni gətirilmiş heyvanların müvafiq müddət ərzində karantində saxlanılması və zərurət yarandığı halda dabaq xəstəliyinə qarşı peyvəndlənməsi təmin olunmalı;

- heyvan miqrasiyasının izlənilməsi təmin edilməlidir.