Süd və süd məhsullarının istehlakından dərhal öncə və sonra dərman qəbul etmək tövsiyə olunmur


Paylaşılıb 13.04.2022


Qida və dərmanın eyni vaxtda qəbulu dərmanın orqanizmdə paylanması, xaric olması və nəticədə farmakoterapiyanın effektivliyi və təhlükəsizliyinə güclü təsir göstərə bilər. Qida ilə dərmanın qarşılıqlı əlaqəsi dərmanların oral tətbiqində əsas problemlərdən biridir. Son illərdə farmakokinetik qida-dərman qarşılıqlı təsirini idarə edən mexanizmləri aydınlaşdırmaq üçün geniş səylər göstərilib. Onların meydana gəlməsi əsasən dərman maddəsinin xüsusiyyətlərindən, formulundan və çoxsaylı fizioloji amillərdən asılıdır.

Hər bir qida və ya içki qəbulu insanın mədə-bağırsaq traktındakı fizioloji şəraiti dəyişir. Buna görə də, müxtəlif qidaların və içkilərin dərmanın orqanizm tərəfindən sorulması, paylanması, metabolizm və ya xaric edilməsi proseslərinə necə təsir etdiyini dəqiq başa düşmək, həmçinin bu cür qarşılıqlı təsirləri proqnozlaşdırmaq və qarşısını almaq üçün vacibdir. Orqanizmin dərmanları yaxşı mənimsəmə qabiliyyətinə təsir edən bir neçə amil var; mədədəki nisbi turşuluq, kalsium kimi müəyyən elementlərin olub-olmaması və s. Nəzərə alınmalıdır ki, süd, qreyfrut şirəsi və spirtli içkilər qida-dərman qarşılıqlı təsirinə səbəb ola bilər. 

Süd və dərmanlar arasında qarşılıqlı təsirlər əsasən farmakokinetik qarşılıqlı təsirlərdir, çünki süd dərmanların sorulması və xaric olmasına təsir göstərir. Bunun qarşısını almaq üçün dərman və südün müxtəlif vaxtlarda istehlak edilməsi tövsiyə olunur. Qida-dərman qarşılıqlı təsirinin bariz nümunəsindən biri pendirin tərkibində olan (eləcə də, soya, çiy kolbasa, qırmızı çaxırda və s.) tiramin ilə tranilsipromin kimi monoaminoksidaza enziminin inhibitorları arasında yaranan reaksiyadır.

Bununla yanaşı, dəmirin orqanizm tərəfindən sorulmasına mane olduğu üçün dəmir əlavəsi qəbul edildikdən sonra 2-3 saat ərzində süd, çay və ya qəhvə istehlakından çəkinmək lazımdır. Həmçinin tetrasiklin ehtiva edən antibiotiklər ailəsindəki bəzi dərmanların da süd ilə reaksiya verdiyi məlum olub. Ona görə də tetrasiklin qəbul etdikdən sonra iki saat ərzində (əvvəl və ya sonra) süd isteklakı məsləhət görülmür. Digər tərəfdən südün tərkibində olan kalsiumun qəbul edilən dərmanın effektivliyini azaltdığı, onun orqanizm tərəfindən sorulmasına təsir göstərdiyi müəyyənləşib. Süd dərmanın orqanizm tərəfindən mənimsənilməsini azaltdığı üçün nəticədə onu infeksiya ilə mübarizədə daha az təsirli edir.

Bununla belə, qida maddələri və qida əlavələrinin sayının artması səbəbindən əksər farmakodinamik qarşılıqlı təsirlər aşkar edilməmiş qala bilər.

Məqalə AQTİ-nin “Elmi Araşdırmalar Mərkəzi” departamentinin  mütəxəssisi Nərmin Ağalarova tərəfindən hazırlanıb.