Pestisidlərlə işləyən zaman texniki təhlükəsizlik qaydalarına əməl olunmalıdır


Paylaşılıb 09.09.2022


Pestisidlər – zərərli orqanizmlərə qarşı mübarizə məqsədilə istifadə edilən zəhərli kimyəvi maddələrdir. Hazırda dünyada 1000-dən çox kimyəvi birləşmədən istifadə olunmaqla on minlərlə pestisid istehsal edilir. Pestisidlərdən istifadənin problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr olmasından irəli gəlir.

Pestisidlər istehlakçılar, istifadəçilər və yaxınlıqda olan şəxslər üçün onların istehsalı, daşınması və istifadəsi zamanı, eləcə də tətbiqindən sonra təhlükəli ola bilər. Odur ki, pestisidlərin daşınması, tətbiqi və saxlanılması təhlükəsiz şəkildə həyata keçirilməlidir. Texniki təhlükəsizlik qaydalarına və pestisidlərin tətbiq olunma təlimatına dəqiq riayət edildikdə həmin maddələr ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərmir, əksinə, zərərli orqanizmləri məhv etməklə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəə keyfiyyətinin qorunub saxlanmasına səbəb olur.

Pestisidlər tətbiq olunan vaxt əkin sahələrinin vəziyyəti, bitkilərin ziyanverici, xəstəlik və alaq otları ilə sirayətlənmə səviyyəsi nəzərə alınmalıdır. Təlimatda nəzərdə tutulmuş istifadə nisbətini və dozasını artırmaq və ya azaltmaq qadağandır. Tətbiq edilən pestisidin kimyəvi xüsusiyyətləri, toksiklik dərəcəsi, məsarif norması mütləq diqqətdə saxlanılmalıdır.  

Pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına və sanitariya-gigiyena tələblərinə əməl olunmalıdır:

- Bu maddələr hermetik qablarda saxlanmalı, xüsusi nəqliyyat vasitələri ilə daşınmalıdır. Onların ərzaq məhsulları, yem və sərnişinlərlə birlikdə daşınmasına yol verilməməlidir.

- Pestisidlər vasitəsilə kimyəvi mübarizə aparılacaq sahənin ətrafına müvafiq xəbərdarlıq lövhələri yerləşdirilməlidir. İnsanların və digər canlıların dərmanlanmış sahəyə daxil olması qadağandır.

- Civə tərkibli, fosfor və xlor üzvi birləşməli preparatlarla iş müddəti 4 saat, qalan pestisidlərlə iş müddəti isə 6 saat olaraq müəyyənləşdirilib;

- 18 yaşına çatmayan yeniyetmələrin, hamilə və südəmər uşaqlı qadınların pestisidlərlə işləməsinə icazə verilməməlidir.

- Pestisidlərlə aparılan mübarizə tədbirləri zamanı küləyin sürəti və istiqaməti nəzərə alınmalıdır. Küləyin sürəti 3-4 m/saniyədən çox olduqda və yağışlı havada dərmanlama işi aparılmamalıdır.

Qeyd edək ki, zərərli orqanizmlərlə kimyəvi mübarizə tədbirlərinin səhər və axşam saatlarında, həmçinin küləksiz və sakit havada aparılması daha effektiv nəticə verir. Kimyəvi mübarizə zamanı torpaqda, suda, canlı orqanizmlərdə, ətraf mühitdə və məhsulda pestisid qalığı icazə verilən həddən artıq olmamalıdır.

Pestisidlərin tətbiq olunmasından sonra da bir sıra təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Dərmanlanmış sahədə aqrotexniki tədbirlərin aparılması, eləcə də preparatın istifadə təlimatında qeyd edilmiş müddətdə ərazidə mal-qaranın otarılması qadağandır. Arı pətəklərinə 5 km-dən yaxın sahələr arıçılıq təsərrüfatı ilə məşğul olan şəxslər öncədən məlumatlandırılmaq şərtilə axşam saatlarında, bal arıları pətəyə daxil olduqdan sonra dərmanlanmalıdır.

Pestisidlərlə işləyərkən mütləq qoruyucu geyim və fərdi mühafizə vasitələrindən (rezin əlcək, çəkmə, qoruyucu eynək, respirator və s.) istifadə olunmalıdır. Həmçinin şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl edilməlidir. Yüksək toksiki-ekoloji təhlükəli preparatlar orqanizmə tənəffüs yolları, dəri, gözün selikli qişası vasitəsilə daxil olur. Pestisidlərlə zəhərlənmə zamanı ilkin olaraq baş gicəllənməsi, mədə bulantısı, baş ağrısı kimi əlamətlər müşahidə olunur. Pestisidlərin təsirinə məruz qalan şəxs mütləq dərmanlanma aparılan ərazidən uzaqlaşdırılmalı, onun üzərindəki fərdi mühafizə vasitələri çıxarılmalı və ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalıdır.  

Xəstəlik və zərərvericilərin məhv edilməsinə qarşı aparılan mübarizənin effektivliyini artırmaq məqsədilə torpaq mülkiyyətçiləri və fermerlər də pestisidlərin tətbiqi vaxtı işçilərin təlimatlandırılmasına və qaydalara riayət olunmasına ciddi şəkildə nəzarət etməlidirlər. Sahibkarlar kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici və alaq otlarına qarşı aparılan hər hansı bir kimyəvi mübarizə tədbirləri barədə yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə 1 həftə öncədən məlumat verməli, yaxınlıqda olan arıçılıq, heyvandarlıq təsərrüfatlarına, təhsil müəssisələrinə xəbərdarlıq edilməlidir.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin mütəxəssisləri Tərlan Qorçiyeva, Bürhanə Mürşüdova və Nəzakət Mirzəzadə tərəfindən hazırlanıb.