Cənubi Amerika yarpaq lağımlayıcısı bitkilərin ciddi zərərvericilərindəndir


Paylaşılıb 27.09.2022


Cənubi Amerika yarpaq lağımlayıcısının (Liriomyza huidobrensis, Blanchard 1926) vətəni Mərkəzi və Cənubi Amerikadır. Dünyanın bir çox yerlərində tarlalarda və istixanalarda yetişdirilən kartof, tərəvəz və bəzək bitkilərinin mühüm zərərvericisidir.

1980-ci illərə qədər bu həşərat digər qitələrdə yayılmamışdır. İlk dəfə 1987-ci ildə Hollandiyada istixana şəraitində yetişdirilmiş kahı bitkisində aşkar edilmişdir ki, bu kahıların da Hollandiyaya Cənubi Amerikadan idxal olunduğu güman edilirdi.

Avropa və Aralıq dənizi regionlarında L.huidobrensis bəzək bitkiləri, lobya, xiyar, kərəviz və balqabaq, həmçinin kahı və şəkər çuğundurunun iqtisadi cəhətdən əhəmiyyətli zərərvericisi hesab edilir.

1990-cı illərin əvvəllərindən etibarən L.huidobrensis və L.sativae-nin Asiyanın tropik və subtropik əraziləri vasitəsilə şərqə doğru sürətlə yayılması baş vermiş, nəticədə çoxlu məhsul itkisi və geniş spektrli insektisidlərin həddindən artıq istifadəsi ilə nəticələnmişdir. Liriomyza huidobrensis tropik Asiyada >1000 m yüksəklikdə dominant zərərvericidir və xüsusilə kartofa çoxlu ziyan vurmuşdur.

Polşada istixana şəraitində bu həşərat ilk dəfə 1992-ci ildə gerberada, 2000-ci ildə isə xrizantema, gerbera, panikulyar gipsofila və eustoma bitkilərində aşkar edilmişdir. Yaponiyada Liriomyza huidobrensis ilk dəfə 2004-cü ilin iyul ayında Aomori əyalətində müxtəlif istixana bitkilərində tapılmışdır. 2005-ci ildə isə Lombokda (İndoneziya) L.huidobrensis kartofda qeydə alınıb.

L.huidobrensis istixana bəzək bitkiləri üçün əsas təhlükə mənbəyidir və 1984-cü ildən EPPO-nun A2 (A2/283) siyahısında olan karantin zərərvericisidir. 2020-ci ilin iyun ayında Avstraliyanın Kənd Təsərrüfatı, Su və Ətraf Mühit Departamenti NPPO Liriomyza huidobrensis-in təkrar aşkarlanması səbəbindən Malaziyadan kəsilmiş xrizantema çiçəkləri üçün kimyəvi mübarizə tədbirlərini təsdiqlədi. Bundan sonra Avstraliyada L.huidobrensis ilk dəfə olaraq 2020-ci ilin oktyabrında Sidneyin qərbində aşkar edildi və indi də Kvinslendin cənubunda olması haqqında hesabatlarda məlumat verilir.

Qonşu ölkə Türkiyədə ilk dəfə 1994-cü ildə EPPO (96/206) Hesabat Xidmətinin verdiyi məlumatına əsasən, İçel və İzmir əyalətlərində adi xiyar, at paxlası və adi lobiya bitkiləri üzərində hər yarpaqda 5-10 ədəd olmaqla sürfə tapılmışdır. Hazırda Şərq Aralıq dənizi və Egey bölgələrinin karantin zərərvericidir.

Liriomyza huidobrensis polifaqdır və dünyada 49 bitki fəsiləsinin (məsələn, Liliaceae, Apiaceae, Asteraceae, Brassicaceae, Solanaceae, Caryophyllaceae, Cucurbitaceae, Chenopodiaceae, Fabaceae) 365 növündə sahib bitkisi qeydə alınmışdır. Əsas sahib bitkisinə iqtisadi əhəmiyyətli qida məhsullarından – lobya, noxud, çuğundur, bibər, ispanaq, pomidor, soğan, kartof, badımcan, kərəviz, xiyar, sarımsaq, kahı, turp, qovun, çiçəklərdən - qərənfil, payızgülü, çayırçiçəyi, novruzçiçəyi, ərikgülü, Xrizantema spp., soğangülü, zinniya, həmçinin, amarant, at paxlası, çətənə, güllücə, yonca, o cümlədən, mühüm alaq otları məsələn, qara gecə kölgəsi də daxildir.

L.huidobrensis dünyanın bir çox yerlərində tarlada və istixana şəraitində yetişdirilən tərəvəz və dekorativ bitkilərin ciddi zərərvericisidir. Cənubi Amerikada kartofun əsas zərərvericisi hesab olunur. Müasir dövürdə Avropa və Aralıq dənizi regionlarında L.huidobrensis artıq xrizantema, Primula spp., Verbena, kahı, Phaseolus vulgaris, xiyar, kərəviz və Cucurbita pepo kimi bitkilərin əsas zərərvericisi hesab edilir.

Yetkin fərd və onun sürfəsinin fəaliyyəti nəticəsində hüceyrələrdəki xlorofil məhv etdiyi üçün bitkilərin fotosintez etmə qabiliyyəti və ya  fotosintez aktivliyini əhəmiyyətli dərəcədə azalır və yarpaqların solmasına səbəb olur. Zərərverici ilə sirayətlənmiş yarpaqlar kütləvi şəkildə tökülərək bitki gövdəsini küləyin təsirinə məruz qoyur, nəticədə çiçək qönçələrinin və meyvələrin yanmasına səbəb olur. Dekorativ bitki yarpaqlarının lətli hissəsində və ayasında sürfə lağımlarının və yetkin fərdlərin yaratdığı dəliklər bitkinin məhsuldarlığını daha da azaldır. Cavan bitkilərdə və şitillərdə L.huidobrensis-in olması bitkilərin inkişafında əhəmiyyətli ləngimələrə səbəb olur ki, bu da ciddi potensial  itkilərlə nəticələnir. Həm bitkinin məhsuldarlığı, həm də əmtəəlik keyfiyyəti azalır, nəticədə dünyada tərəvəz istehsalçıları yüksək iqtisadi itkilərlə nəticələnir. İspanaq, kahı və kərəviz istehsalında 50%-dən çox itkilər qeydə alınmışdır. Hətta, Argentina, Çili və İndoneziyada kartof bitkisinin demək olar ki, 100% məhsul itkisi baş vermişdir. Peruda tez yetişən kartof sortları (məhsul itkiləri 50%-dən >60%) arasında dəyişən məhsul itkiləri gec yetişən sortlar (məhsul itkiləri 20-30%) ilə müqayisədə daha çox təsirlənir.

L.huidobrensis-in polifaq təbiəti, yüksək reproduktiv olması və insektisid müqavimətinin sürətli inkişafı bu zərəvericini invaziv növ kimi geniş yayılmasına kömək edir. İlkin olaraq İsraildə yayılmış L.trifolii ilə müqayisədə daha ciddi zərərverici olduğu sübut edilsə də, bioloji mübarizə nəticəsində bu günədək nəzarət altında saxlanılmış və zərəri minimuma endirilmişdir.

L.huidobrensis-in Azərbaycanda aşkarlanması ilə bağlı bu günə qədər rəsmi məlumat qeydə alınmamışdır.