Pomidor güvəsi və onunla mübarizə mexanizmləri


Paylaşılıb 24.01.2019


Tərəvəzlər qida rasionunda ən çox istifadə edilməsi tövsiyə olunan məhsullardan biri hesab edilir. Tərkibində insan orqanizmi üçün xeyirli olan karbohidratların, zülalların, vitaminlərin, mineral duzların, üzvi turşuların, aromatik maddələrin və qələvilərin olduğunu nəzərə alsaq, gün ərzində ortalam 300-400 qr müxtəlif növ tərəvəzlərlə qidalanmaq olduqca vacibdir.

Bu gün elmə məlum olan 1200-ə qədər mədəni və yabanı tərəvəz mövcuddur. Tərəvəzlər açıq torpaq sahəsində və istixana-parnik şəraitində becərildiyinə görə birinciyə açıq, ikinciyə isə örtülü sahə tərəvəzçiliyi deyilir. Son dövrlərdə iqlim dəyişkənlikləri nəticəsində baş verən aramsız yağıntılar, bəzən yüksək hərarətin təsiri ilə quraqlığın yaranması və s. çatışmazlıqlar açıq şəraitdə tərəvəz becərilməsini çətinləşdirir. Belə olan halda bitkiləri əlverişsiz hava şəraitindən qorumaq üçün örtülü şəraitdə, yəni istixana istehsalına ehtiyac yaranır. Bundan başqa əhalinin il boyu təzə-tər tərəvəz məhsulları ilə təmin edilməsində örtülü sahə tərəvəzçiliyinin əhəmiyyəti böyükdür. Çünki tərəvəz məhsulları az kalorili olub, əsas qida sayılmır, onların tərkibində insan orqanizmi üçün lazımi maddələrin zəngin olmasına baxmayaraq toplanıb qalmır və gündəlik maddələr mübadiləsində sərf olunub qurtarır. Bu baxımdan orqanizmin sağlam qalması üçün insan tərəvəzlə hər gün qidalanmalıdır ki, bu məsələdə örtülü sahə tərəvəzçiliyinin rolu böyükdür.

Örtülü sahədə əsasən meyvəli tərəvəz bitkilərindən ən geniş becərilənlər pomidor, xiyar, badımcan və bibər hesab olunur. Hazırda respublikamızda yetərli sayda istixana fəaliyyət göstərir. Vaxtında becərilən məhsullara düzgün qulluq edilməyəndə, onları zərərli orqanizmlərdən qorumayanda məhsulların keyfiyyəti aşağı düşür, məhsuldarlıq zəif olur və görünüşünü itirir. Zərərli orqanizmlərlə sirayətlənmiş məhsulların ixrac potensialı da azalır. Bir çox ölkələrdə istixanalarda xüsusi ilə istixana ağqanadlısı və pomidor güvəsinə rast gəlinir.

Bu səbəbdən bizdə sahibkarların diqqətinə çatdırırıq ki, istixanalarda məhsul becərərkən bu kimi zərərli orqanizmlərə rast gəldikdə diqqətlə yanaşıb, müvafiq mübarizə tədbirləri aparsınlar. Sözügedən zərərli orqanizmlərin hər inkişaf fazasına uyğun əlamətləri və mübarizə tədbirlərini təqdim edirik.

Pomidor güvəsi (Tuta absolut)

Təsviri və həyatı:

Yetişkin fərd: Bədəni 6-7 mm uzunluğundadır. Bığcıqları sap şəkillidir. Açıq-qəhvəyi üst qənədlərində irili-xırdalı qara nöqtələr var. Yetkin erkək fərdlərin ömrü 6-7 gün, dişi fərdlərin isə 10-15 gündür.

Yumurta: uzunluğu 0.4 mm, eni 0.2 mm silindirşəkilli, qəhvəyi-sarı rəngdədir.

Sürfə: Yumurtadan çıxan sürfələrin bədəni qəhvəyi rəngli, başı isə qaradır. Sürfə dörd mərhələ keçirir. I mərhələsində 0.9 mm, IV mərhələsində 8 mm uzunluğunda olur. Yetkinləşən sürfənin bədəni yaşıl, başı isə qəhvəyi rəngə çevrilir. Sürfənin başının arxasında görünən tünd rəngli xətt ən əhəmiyyətli xüsusiyyətlərindəndir.

Sahib bitkilər: Zərərverici daha çox pomidora sirayətlənir. Bundan başqa badımcan, bibər, lobya və alaq otlarından it üzümü, tarla sarmaşığı və şeytan almasını da göstərmək olar.

Zərərvurma potensialı çox yüksək olan bu növ zərərverici, açıq və istixana şəraitində yetişdirilən pomidorun əsas zərərvericilərindəndir. Sürfələri pomidor bitkisinin kökündən başqa bütün hissələrinə inkişaf mərhələlərində çox ziddi ziyan vurur. Yumurtadan çıxan sürfə meyvə, yarpaq, zoğ və gövdəyə girərək qidalanmağa başlayır. Sürfə pomidorun yarpaqlarında iki epidermis arasına daxil olub lağımlar açaraq qidalanır. Sürfənin yarpaqda açtığı lağımlar geniş olub şəffaf boşluqlar şəklində özünü biruzə verir. Bu lağımlar daha sonra nekrotik (çürümə) qəhvəyi ləkələrə çevrilərək quruyur. Yarpaqda və meyvədə açılan lağımlarda zərərvericinin qara rəngli ifrazatını topa şəklində görmək mümkündür. Bitkinin yaşıl hissəsində açılan lağımlar nəticəsində bitki bütünlüklə quruya bilir. Zərərverici daha çox yetişməmiş pomidor meyvələrinə üstünlük verərək, kasa yarpaqlarından keçirlər. Zərərvericinin meyvədə açdığı lağımların görüntüsü qarışıq olub, meyvənin hər tərəfindən görülə bilir. Meyvədə açılan lağımlara fərqli mikroorqanizmlərin daxil olması ilə çürümələr meydana gəlir. Kütləvi çoxalma zamanı pomidorda 50-60% itkiyə səbəb olur.

Mübarizə tədbirləri

1.Aqrotexniki tədbirlər

Zərərverici ilə sirayətlənmiş ştillər istifadə edilməməlidir.

İstehsal sahəsində və ətrafında zərərvericiyə sahiblik edən əsasən də badımcançiçəklilər fəsiləsinə (Solanaceae ) aid alaq otlarına qarşı mübarizə aparılmalıdır.

Zərərvericinin sürfə və pupları tarlada qalan bitki qalıqlarında yaşaya bildikləri üçün onları yığıb məhv etmək lazımdır.

Növbəli əkin (Badımcankimilər fəsiləsinə (Solanaceae) aid olmayan bitkilər yetişdirilməli) tətbiq edilməlidir.

Tarlada qalan sürfə və pupları məhv etmək üçün məhsul yığımından sonra dərin şum aparılmalıdır.

Azotlu gübrələmə normaya uyğun aparılmalıdır.

İstixanaların hər iki tərəfdən qapıları olmalı, giriş-çıxış və havalandırma qurğuları zərərvericinin girə bilməyəcəyi incəlikdə tül ilə bağlanmalıdır.

2.Bioloji mübarizə

Təbii düşmənlərdən Nesidiocoris tenuis pomidor güvəsinin sürfə və yumurtaları ilə qidalanmaqdadır.

İstixanalarda bioloji mübarizə vasitələrindən yumurta paraziti Trichogramma euproctidis Girault və ovçu həşərat N. tenuis birlikdə istifadə edilməlidir.

Təbii düşmənlərin qorunması və entomofoqların artırılması üçün zərərvericilərlə mübarizədə kimyəvi mübarizəyə alternativ metodlara üstünlük verilməli, əgər kimyəvi mübarizənin aparılması zərurəti yaranarsa, təbii düşmənlərə əks təsiri ən az olan pestisidlərdən istifadə edilməlidir.

3.Mexaniki mübarizə tədbirləri

Pomidor güvəsinə qarşı tutucularla mexaniki sürətdə yığılmasından, feromon+su tələləri ya da işıq+feromon+su tələlərindən istifadə olunmalıdır. Tələlər eyni ölçüdə, yerdən 20-30 sm yüksəklikdə yerləşdirilir. Tələdəki su azaldığında su əlavə edilməlidir.

Yetkin fərdi aşkar etmək üçün əkindən həmən sonra tarlada (1-2 tələ/ha) və istixanada (1 tələ) əks cinsə qarşı çəkici feromon tələlər istifadə olunur. Tələlərə həftədə bir dəfə nəzarət edilir və tələdə ilk yetkin fərd görüldüktə istixananın böyüklüyünə görə ən az 100 bitki nəzarət edilərək, bitkinin çiçək, yarpaq, zoğ və meyvələrində yumurta, sürfə və pup axtarılır. 100 bitkidən 3-ə zərərvericinin hər hansı mərhələsində rast gəlinərsə, mübarizə tətbirlərinə qərar verilir. Dərmanlamadan 5-6 gün sonra bitkilər təkrar nəzarət edilir. Lazım gəldikdə dərmanlanma təkrarlanır. Dərmanlanma bitkinin hər tərəfini əhatə etməlidir.