Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir


Paylaşılıb 24.05.2019


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Normadan artıq şəkər istehlakının orqanizm üçün zərərləri” haqqında olacaq.

Əksər insanlar yemək və qəlyanaltıda tez hazırlanan  qidalara üstünlük verirlər. Bu məhsulların tərkibində əlavə şəkər olduğundan gündəlik kalori qəbulunun böyük hissəsini təşkil edir. Mütəxəssislər gündəlik şəkərdən alınan kalori həcminin 10% -dən az olmasını tövsiyə edirlər. Çünki normadan artıq şəkər istehlakı artıq çəki və diabet kimi bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur.

Şəkərli qidaların tərkibində şəkərin sadə növü olan fruktoza var. Fruktozanın istehlakı qlükozaya nisbətən aclıq və yeməyə olan tələbatı  artırır. Bundan əlavə, həddindən artıq fruktoza istehlakı , aclığı tənzimləyən və qida qəbulunun dayandırılmasına dair orqanizmə doyma siqnalları göndərən leptin hormonuna müqavimət göstərə bilər. Bu isə çəki artımına səbəb olur.

Həddindən artıq  şəkər istehlakı ürək xəstəliklərinin risk faktorları olan piylənmə, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərə səbəb olur. Yüksək şəkərli qidalar ürək xəstəliyindən ölüm riskini artırır. 30.000-dən çox insanın üzərində aparılan tədqiqatda məlum olub ki, əlavə şəkərdən yalnız 8% kalori istehlak edənlərlə müqayisədə, 17-21% kalori istehlak edənlərdə ürək xəstəliyindən ölüm riski 38%-dən çoxdur.

Araşdırmalara görə, son 30 ildə dünyada diabet xəstəlikləri 2 dəfədən çox artıb. Bunun müxtəlif səbəbləri olsa da, diabet riski normadan artıq şəkər qəbul etməklə birbaşa əlaqəlidir. Bundan başqa, uzun müddət şəkər qəbul etdikdə qanda şəkərin miqdarını tənzimləyən, mədəaltı vəzin ifraz etdiyi hormon insulinə müqavimət yaradır. İnsulinə müqavimət qanda şəkərin səviyyəsini artırır və bu da diabet riskini gücləndirir.

175-dən çox ölkəni əhatə edən araşdırma nəticəsində məlum olub ki, diabetə yoluxma riski hər qəbul edilən 150 kalori şəkərə və ya bir şüşə qazlı içkiyə görə 1,1% artır.

Araşdırmalarda əlavə şəkər istehlakının, qida borusu, ağciyər  və nazik bağırsağın xərçəngi riski ilə əlaqəsi olduğu təsdiqlənib. Digər bir araşdırma göstərir ki, həftədə üç dəfədən çox şirin çörək və çərəz istehlak edən qadınlarda endometrial xərçəngin inkişafı bu qidaları həftədə 0,5 dəfə istehlak edən qadınlara nisbətən 1,42 dəfə çoxdur.  

Fruktoza şəklində əlavə şəkərin artıq miqdarda qəbulu qaraciyəri də yükləyir. Bu isə Yu-çenq xəstəliyinə gətirib çıxarır ki,bu isə qaraciyərdə həddindən artıq yağ toplanaması ilə xarakterizə olunur. 

Rafinə olunmuş karbohidratlarla zəngin qidalar qan şəkərini və insulin səviyyəsini sürətlə artırır, bu da dəridə sızanaqların inkişafında əsas rol oynayan androgen ifrazının, yağ hasilatının və iltihabın artmasına  səbəb olur. 2300 yeniyetmə arasında aparılan araşdırmalar göstərir ki, normadan artıq şəkər qəbul edən şəxslərdə sızanaqların inkişaf riski 30%-dən çoxdur. Bu həmçinin dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxaran maddənin (AGE) yaranmasına da səbəb olur.   

Alimlər hesab edirlər ki, qanda şəkərin miqdarının dəyişməsi, neyrotransmitterlərin tənzimlənməsinin pozğunluğu   psixoloji ptoblrmlərə də səbəb ola bilər. 22 il ərzində 8000 insan arasında aparılan araşdırmalara görə, gün ərzində 67 q və daha çox şirniyyat qəbul edənlərdə depressiya ehtimalı gün ərzində 40 q və daha az şirniyyat istehlak edənlərdən 23% daha çoxdur.  

Şəkəri çox olan məhsullar qanda şəkərin səviyyəsini və insulinin miqdarını tez bir zamanda artırır, bu isə qısamüddətli enerji artımına səbəb olur. Nəticədə isə qanda şəkərin miqdarı kəskin azalır. Odur ki, karbohidratların zülallar və yağlarla birlikdə qəbulu tövsiyə olunur. Məsələn, bir ovuc badamla alma qəbul etsək, bu davamlı enerji səviyyəsinin saxlanılması üçün yaxşı üsuldur.