Qida Təhlükəsizliyi Agentliyində fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib


Paylaşılıb 01.06.2018


İyunun 1-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikamızda fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Görüşdə sahibkarları maraqlandıran suallara cavab verən AQTA sədri Qoşqar Təhməzli fındıq istehsalçılarının qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb.

Q.Təhməzli yerli məhsulların təhlükəsizliyinə nəzarət sisteminin gücləndirilməsi məqsədiylə “tarladan süfrəyə” prinsipinin tətbiqi ilə yüksək keyfiyyətə malik məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinin qarşıda duran əsas vəzifələr olduğunu vurğulayıb.

Tədbirdə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov ixracatçıları narahat edən məsələlər barədə danışıb, öz fikir və təkliflərini diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara köməklik göstərilməsi üçün lazım olan bütün tədbirləri həyata keçirəcək.