“Peşəkarlarla görüş” saatında pandemiya dövründə mehmanxanaların ictimai iaşə sahələrində xidmətin təşkili müzakirə olunub


Paylaşılıb 14.10.2020 13:48


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “SOVQAT” layihəsi çərçivəsində növbəti “Peşəkarlarla görüş” saatında “Pandemiya dövründə mehmanxanaların fəaliyyətinin təşkili” mövzusunda seminar keçirilib.

Seminar iştirakçılarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının ərazisində mehmanxanaların işçilərinin və qonaqlarının sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Ümumdünya Səhiyyə Təşkilatının (WHO), Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının, Avropa Hotel, Restoran, Kafe və Barlar Assosiasiyasının təcrübə və tövsiyələrinə, o cümlədən Azərbaycan Respublikasının ərazisində qüvvədə olan müvafiq metodiki göstərişlərə, habelə respirator xəstəliklərdən qorunma və mübarizədə uğurlu göstəricilər əldə etmiş xarici ölkə və şəhərlərin təcrübəsi əsaslanaraq tərtib olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili” Qaydaları barədə ətraflı məlumat verilib. 

İnsanların sıx toplaşdığı ictimai yerlərdə olduğu kimi, mehmanxanalarda və digər turizm müəssisələrində də koronavirus infeksiyasına yoluxma ehtimalı yüksəkdir. İstər işçi heyətin, istərsə də qonaqların sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi, COVID-19 pandemiyasının ölkə ərazisində yayılması nəticəsində fəaliyyəti məhdudlaşdırılmış turizm sənayesi subyektlərinin fəaliyyətinin bərpası zamanı sanitariya-gigiyena, əksepidemik rejim və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Bütün mehmanxanalarda, “Sanitar-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin, əl dezinfeksiyaedici məhlullarının, əl salfetlərinin, üz maskalarının, əlcəklərin və digər qoruyucu vasitələrin, habelə istifadə edilmiş tibbi maskaların və əlcəklərin atılması üçün ayrıca qapalı torbaların, dezinfeksiyaedici məhlulların, işçi heyət üçün təmiz geyimlərin yetərli qədər olması təmin edilməlidir.

Sahibkarlara məlumat verilib ki, infeksiyaya yoluxma riskini azaltmaq üçün ictimai iaşə zonalarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət edilməsi təmin edilməli, mehmanxanaların ictimai iaşə obyektlərinin qarşısında (girişində) həmin obyektlərin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə əks olunmalıdır. Hər bölmə (iş sahəsi) üçün təmizlik və dezinfeksiya tədbirlərinin dövriliyi  infeksiya riski, insanların sıxlığı, çirklilik səviyyəsi, məhsulun növü, çirkin növü, səthin tipi və digər amillər nəzərə alınmaqla planlaşdırılmalıdır.

Görüş iştirakçılarına, qaydalara uyğun olaraq yemək zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, formasından (kvadrat, dairəvi və s.) asılı olmayaraq masalar arasındakı məsafənin isə 2 metrdən az olmaması tövsiyə edilib. 

Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək məqsədilə icrasına başlanılmış “SOVQAT” layihəsi barədə də ətraflı məlumat verilib.

“SOVQAT” – Sahibkarlıq Obyektlərinə Vahid Qida təhlükəsizlik Anlayışının Tətbiqi layihəsinin əsas məqsədinin qida məhsullarının tarladan–süfrəyədək prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarət olduğu qeyd edilib.