İstehlak üçün yararsız 4572 kq qaymaq məhsulu məhv edilib


Paylaşılıb 12.01.2021 15:30


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları mütəmadi qaydada AQTA tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.

Nəzarət tədbirləri çərçivəsində “İtalika Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İtaliya Respublikasından ölkəmizə idxal olunan “Hopla” əmtəə nişanlı qaymaq məhsulundan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə edilib. Aparılan müayinələr nəticəsində qaymaq məhsulunda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. 

Bununla bağlı olaraq istifadəyə yararsız “Hopla” əmtəə nişanlı 0.5 litrlik qablaşdırmada, ümumi çəkisi 4572 kq olan məhsul partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.