Qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyaların imkanları genişləndirilir


Paylaşılıb 12.01.2021 16:38


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq laboratoriyalar şəbəkəsinin genişləndirilməsi, eləcə də laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Ölkədə istehsal edilən, idxal və ixrac olunan qida məhsullarının, eləcə də aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, həmçinin qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün AQTİ-nin laboratoriyaları müasir cihazlarla təchiz edilib. Hazırda İnstitutun Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında analizin aparılması üçün müasir, yüksək həssaslığa malik, unikal cihazlardan istifadə edilir.  

2021-ci il yanvar ayı ərzində Laboratoriya qida məhsullarında kənar maddələrin və bioloji fəallığa malik qida əlavələrində tərkib təyini üçün Shimadzu LCMS-9030, baytarlıq preparatlarında təsiredici və köməkçi maddələrin təyini üçün ThermoFisher ARL EQUİNOX-300 X-ray difraktometr, baytarlıq preparatları və pestisidlərdə təsiredici maddələrin təyini üçün ThermoFisher SmartRaman spektrometr DXR3 və Rigaku Raman spektrometr, metal qablaşdırma materiallarında element tərkibinin təyini üçün ThermoFisher Niton XL5 XRF spektrometr cihazları ilə təchiz edilib.  

Bununla yanaşı, xromatoqrafik analizlərdə nümunə hazırlığını asanlaşdırmaq, həssaslığı artırmaq üçün laboratoriyanın avadanlıqları sırasına LCTech FREESTYLE SPE ekstraksiya robotu əlavə edilib.