AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssisləri istixanalarda birgə videomonitorinqlər keçirir


Paylaşılıb 13.01.2021 16:19


Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Məsələnin həlli istiqamətində həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində yanvarın 12-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Şəmkir rayonunda bir sıra pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.