İctimai iaşə müəssisələrində COVID-19-a qarşı mübarizə ilə bağlı videoçarx hazırlanıb


Paylaşılıb 16.01.2021 12:27


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə Agentlik tərəfindən insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində COVID-19 virusu ilə mübarizəyə aid maarifləndirici yeni videoçarx hazırlanıb. Videoçarxda sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməyə, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamağa dəvət olunurlar. Tövsiyə olunur ki, hər kəs ictimai iaşə müəssisələrində sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl etməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Videoçarxda bildirilir ki, ictimai iaşə müəssisələrində mütəmadi olaraq təmizlik-dezinfeksiya işlərinin aparılması vacibdir.  Qeyd olunur ki, işçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi  olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.

Videoçarxda ictimaiyyətə iaşə obyektlərində xidmətin mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələbinə uyğun təşkil olunmasının zəruriliyi vurğulanır. Xüsusən də məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməlidir.