Mərkəzi Baytarlıq Laboratoriyası səriştəlilik test proqramlarında uğurla iştirak edib


Paylaşılıb 18.01.2021 17:51


Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir.

AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza mütəmadi olaraq zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir. Belə ki, Laboratoriya növbəti dəfə İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib.  Hollandiya, Cənubi Afrika, Yeni Zelandiya, BƏƏ, ABŞ, Norveç, Böyük Britaniya, Braziliya, Portuqaliya, Rusiya, Avstraliya kimi ölkələrin də iştirak etdiyi səriştəlilik test proqramında laboratoriya bruselyoz xəstəliyinin PZR və ELİSA cihazlarında müayinəsi üzrə yüksək nəticə əldə edib.

Qeyd edək ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbright İnstitute, FAO tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib.

Laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.