İstixanalarda birgə videomonitorinqlər davam edir


Paylaşılıb 26.02.2021 17:27


Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.

Həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində 15-25 fevral tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Samux rayonu, Ziyadlı kəndində yerləşən, “Agricola” MMC, Yevlax rayonu, Kolanı kəndində yerləşən, "Eko Aqro" MMC-də və Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, Cəbrayılov Məlikməmməd Saday oğlu, Zirə qəsəbəsində yerləşən, Rzayev Hüseyn, Zirə qəsəbəsində yerləşən, Məmmədov Kazım Məmməd oğlu, Abşeron rayonu, Masazır kəndində yerləşən, Fərəcov Novruz Mürşüd oğluna məxsus pomidor məhsulu yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.

Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.

Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.