Xəbər

AQTA: bu cür məlumatlar yalnız aparılan araşdrımalara və laborator müayinələrin nəticələrinə əsaslanmalıdır


Paylaşılıb 03.12.2018


Son günlər bir sıra kütləvi informasiya vasitələrində qida zəhərlənmələri ilə bağlı heç bir araşdırma aparmadan, aidiyyəti qurumlar tərəfindən aparılan laborator müayinələrin nəticələrini gözləmədən yalnış məlumatların yayılması hallarına rast gəlinir ki, bu da son nəticədə insanlar arasında çaşqınlığa səbəb olur. Ötən həftə Şəki və Qazax rayonlarında insanların səhhətində yaranmış problemləri yalnış olaraq qida zəhərlənməsi kimi təqdim edən bir sıra saytlar yenidən heç bir araşdırmanın nəticəsini gözləmədən Keşlə qəsəbəsində baş vermiş hadisənin qida zəhərlənməsi səbəbindən baş verdiyi haqqında həqiqəti əks etdirməyən, reallıqdan uzaq məlumatlar yayırlar.

Qida Təhlükəsizliyi Agentliyi həmin saytları bu cür məlumatları yayarkən diqqətli olmağa, yalnız rəsmi olaraq aparılan araşdrımalara və laborator müayinələrin nəticələrinə əsaslanmağa çağırır.

Məlumat üçün bildiririk ki, 01.12.2018-ci il tarixində Nizami rayonu, Keşlə qəsəbəsi, Manaf Agayev küçəsi ev 28/1 ünvanında bir nəfərin dünyasını dəyişməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olmuşdur.
Bununla əlaqədar Agentliyin əməkdaşları tərəfindən Nizami rayon məhkəmə tibbi ekspertiza birliyində və zəhərlənən şəxslərin müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə araşdırma aparılmışdır.

Həmçinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon bölməsində aparılan araşdırma zamanı bir nəfərin dünyasını dəyişdiyi (2005-ci il təvəllüdlü Mərdanov Fateh Murad oğlu) və həmin şəxsin meyitindən bioloji nümunələrin götürüldüyü müəyyən edilmişdir.

Agentliyinin əməkdaşları tərəfindən Kliniki Tibbi Mərkəzdə aparılan araşdırmalar nəticəsində zərərçəkənlərin kəskin inhalyasion dəm qazı ilə zəhərlənmə diaqnozu ilə hospitalizə olunduğu məlum olmuşdur. İlkin tibbi baxış zamanı zərərçəkənlərdə ümumi zəiflik, ürəkbulanma, başgicələnmə, bayılmalar müşahidə olunduğuna görə onlara intensiv oksigen terapiya və medikamentoz müalicə təyin edilmişdir. Zərərçəkənlərdən götürülmüş qan nümünələrində dəm qazının miqdarının normadan artıq olduğu müəyyən edilmişdir.

Nəticə olaraq zəhərlənmənin dəm qazından baş verdiyi öz təsdiqini tapmışdır.