AQTA şənlik mərasimlərində monitorinqləri davam etdirir


Paylaşılıb 30.07.2021 17:10


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Göyçay rayonu, Potu kəndi ərazisində fəaliyyət göstərən yerləşən fiziki şəxs Novruzov Şamil Çingiz oğluna məxsus “Bizim bağ” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Yoxlama zamanı həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Eyni zamanda, pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10 nəfərdən artıq şəxsin əyləşdiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.