Heyvanların qeydiyyata alınması heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verəcək


Paylaşılıb 23.09.2021 11:05


Ölkədə bioloji təhlükəsizliyin təmin edilməsi və heyvan mənşəli məhsullar üzərində qida təhlükəsizliyi nəzarəti mexanizmlərinin yaradılması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) hazırlanır.

Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, sistemdə əks olunan neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək. Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və sair barədə məlumatlar da sistemdə yer alacaq.  

Qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malik olan  HİQS bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənməsinə imkan verir.