Rusiya Federasiyasının bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub


Paylaşılıb 01.02.2019 08:45


Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilmişdir.

Bununla əlaqədar olaraq, Rusiya Federasiyasının Krasnodar diyarının ərazisindən diri quş və quşçuluq məhsullarının, Xabarovsk diyarından isə heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiya Federasiyasının Krasnodar və Xabarovsk diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə respublikaya gələn nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunmuşdur.