Xəbər

Kodeks potensialının təkmilləşdirilməsi mövzusunda təlim keçirilib


Paylaşılıb 07.02.2019 07:22


5-6 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsiziliyi İnstitutunda (AQTİ) “Kodeks potensialının təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeli qurumlarının əməkdaşları və sahibkarlar iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədr müavini Zeynəb Qurbanova Milli Kodeks Komitəsinin AQTİ-də təsis edilməsinin ölkəmiz üçün əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Təlim kodeks standartları üzrə beynəlxalq ekspert Betül Vazkeçər tərəfindən keçirilib. Təlim çərçivəsində Kodeks Alimentarius Komissiyasınınin strukturu, iş prinsipi, fəaliyyət sahələri, həmçinin Kodeks standartlarının hazırlanması, əhəmiyyəti və ölkəmizdə tətbiqi, Kodeks komitəsinin elektron işçi qrupunun fəaliyyət sahələri və iş prinsipləri iştirakçılara təqdim olunub. Eyni zamanda istehlakçı maraqlarının qorunması və ətraf mühitin mühafizəsi, SPS&TBT sazişləri ilə Kodeks standartlarının əlaqəsi, baytarlıq, bitki sağlamlığı, qida və yemək üzrə beynəlxalq qanunlar, Kodeksin internet səhifəsinin istifadə qaydaları, Kodeks idarəetməsi üzrə iştirakçılar ətraflı məlumatlandırılıb.

Bundan başqa Kodeks üzrə milli əlaqələndiricinin vəzifə və öhdəlikləri sahəsində iştirakçılara məlumatlar təqdim edilib. Milli Kodeks Komitəsinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda təsis edilməsi istiqamətində dünyada tətbiq olunan struktur formalar müzakirə olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təlim Qida Təhlükəsizliyi Agentliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Agentlikdə institusional islahatlar və idarəetmənin təkmilləşdirilməsinə dair texniki dəstək” layihəsi çərçivəsində baş tutub.