Sahibkarlar üçün təşkil olunan nəzəri-praktiki təlimlər davam etdirilir


Paylaşılıb 14.01.2022 16:01


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri və əməkdaşları üçün nəzəri-praktiki təlimləri davam etdirir.

Növbəti nəzəri-praktiki təlim ictimai iaşə sahələrinin əməkdaşlarına “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunması” mövzusunda keçirilib. Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, istehsal və xidmət mərhələsində riski meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərə monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin planlaşdırılması və s. haqqında ətraflı məlumat verilib.

Eyni zamanda təlim iştirakçıları hava, su, enerji və digər kommunal xidmətlərin təchizatı, tullantıların utilizasiyası da daxil olmaqla dəstəkləyici xidmətlər, avadanlığın yararlılığı və onun təmizləmə, texniki xidmət və profilaktik təmir üçün əlçatanlığı, inqrediyentlər, çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və satın alınan materialların (xammal, kimyəvi maddələr, qablaşdırma və s.) təchizatı prosesi ilə əyani formada yaxından tanış olublar.

Qeyd edək ki, AQTİ tərəfindən ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədi ilə mütəmadi təlimlər keçirilir.