AQTA-da beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib


Paylaşılıb 22.02.2019 08:33


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib. Seminarın əsas müzakirə mövzusu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Milli Bildiriş Mərkəzinin (MBM) və SFS üzrə Sorğu Mərkəzinin (SM) təsis edilməsi və idarəolunmasına dair potensialın gücləndirilməsi olub. 
Görüşdə adıçəkilən mərkəzin istehsalçılar və ixracatçılar üçün üstünlükləri, tələb olunan resurslar, MBM və SM-nin idarəetmə prosedurları, Sorğu Mərkəzinin internet vasitəsilə idarəedilməsi üçün “eping” SFS bildiriş sisteminin istifadə qaydaları ilə bağlı təqdimatlar edilib.
Agentliyin sədrinin müşaviri Elxan Mikayılov Qida Təhlükəsizliyi İnstitutunda sorğu və bildiriş mərkəzinin təsis edilməsinin önəmini vurğulayıb. Qeyd edib ki, bu qida təhlükəsizliyi, baytarlıq və fitosanitar normaları Azərbaycanın ticarət tərəfdaşlarına göndərməyə, eyni zamanda, ölkəmizin ticarətində mühüm rol oynayan məlumatlar tərəfdaş ölkələrdən asanlıqla əldə etməyə imkan verəcək.