AQTA sədri Qoşqar Təhməzli MÜSİAD Azərbaycanın idarə heyətinin sədri ilə görüşüb


Paylaşılıb 23.02.2019 10:26


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun ilə görüşüb. 
Görüşdə AQTA sədri Qoşqar Təhməzli Agentliyin fəaliyyət istiqamətləri, görülən işlər, müvafiq sahədə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və qarşıya qoyulan hədəflər haqqında MÜSİAD Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzuna və dərnəyin idarə heyətinin üzvlərinə məlumat verib. Q.Təhməzli Agentlik tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi olaraq görüşlərin təşkil edildiyini, sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayıb. 
Görüş çərçivəsində MÜSİAD Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Agentlik tərəfindən sahibkarlıq sahəsində görülən işləri və sahibkarlara göstərilən xidmətləri yüksək qiymətləndirib, səmimi qəbul üçün minnətdarlığını bildirib.