“Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı və Xaçmaz məktəbliləri ilə görüş keçirilib


Paylaşılıb 01.03.2019 01:15


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumtəhsil məktəblərində maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Xaçmaz rayonunda 7 nömrəli, Xudat şəhərində 2 nömrəli, Bakı şəhəri, Nəsimi rayonunda 54 nömrəli tam orta məktəbdə keçirilib. 
Tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları” mövzusunda videoçarxlar təqdim olunaraq bu sahədə vətəndaş məsuliyyətinin, ictimai nəzarətin önəmindən danışılıb. Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən şagirdlərə “Sitrus meyvələri”, “Qida zəhərlənmələri”, “Süd və süd məhsulları”, “Quduzluq və ondan qorunma yolları”, “Meyvə və tərəvəzin dezinfeksiyası”, “Enerji içkilərinin zərərləri” mövzularında ətraflı məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara “5 addımda qida təhlükəsizliyi”, “Ümumi gigiyena qaydaları” və “Qablaşdırma materiallarının qidaya təsiri” adlı maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.