AQTA-da bitki sağlamlığı və fitosanitar nəzarətlə bağlı təqdimat keçirilib


Paylaşılıb 05.03.2019 12:52


Martın 4-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Respublika ərazisində Aralıq dənizi meyvə milçəyinin yayılmasının qarşısının alınması və toksiki-ekoloji təhlükəli preparatların müzakirəsinə həsr olunmuş təqdimatlar keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Agentliyin sədr müavini Balarəhim Quliyev bitki mühafizəsi və karantini sahəsində aparılan tədbirlərin operativliyinin təmin edilməsinin, eyni zamanda bitkilərin zərərli orqanizmlərdən mühafizəsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb və bu sahədə atılan addımların əhəmiyyətindən bəhs edib.

Daha sonra AQTİ-nin Elmi-tədqiqat departamentinin müdiri Camal Quliyev Azərbaycan Respublikasının ərazisi üçün karantin tətbiq edilən zərərli orqanizm olan Aralıq dənizi meyvə milçəyi haqqında ətraflı məlumat verib. Təqdimat çərçivəsində Aralıq dənizi meyvə milçəyinin yayılmasının qarşısının alınması, yayılma ocaqlarının məhv edilməsi, bu sahədə həyata keçirilən tədbirlər iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin respublika ərazisində istifadəsinə icazə verilən yüksək toksiki-ekoloji təhlükəli preparatların dövlət sınağının və qeydiyyatının aparılması, istifadəsinə icazə verilmiş preparatların tətbiqi qaydalarının beynəlxalq norma və standartlara uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.