AQTA “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə start verib


Paylaşılıb 05.03.2019 06:10


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə start verib.

Müsabiqədə Bakı şəhəri ilə yanaşı Respublikanın bütün bölgələrindən məktəblilərin iştirakı nəzərdə tutulub. Təqdim olunan və münsiflər heyəti tərəfindən seçilən rəsm əsərləri 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü sərgilənəcək. Müsabiqənin qalib və iştirakçılarına müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatalar təqdim olunacaq.

Rəsmlər A4 və A3 formatında olmaqla sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəb haqqında məlumatları yer almaqla qəbul ediləcək. Müsabiqədə iştirak etmək istəyən məktəblilər may ayının 25-dək rəsm əsərlərini Agentliyə təqdim edə bilərlər.

Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsi ilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda layihə məktəblilərin təhlükəsiz qida ilə bağlı dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaradacaq.

Qeyd edək ki, AQTA uşaq və yeniyetmələr arasında “Sağlam məktəbli” layihəsi həyata keçirir ki, burada da məktəblilərin sağlam və təhlükəsiz qidalanma ilə bağlı maarifləndirilməsi nəzərdə tutulub.