Bakı və Sumqayıt məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib


Paylaşılıb 07.03.2019 12:27


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı və regionlarda maarifləndirmə tədbirlərini davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Bakı şəhər Nəsimi rayonu 247 nömrəli və Sumqayıt şəhər 22 nömrəli tam orta məktəblərdə keçirilib.

Tədbirdə məktəbin şagird və müəllim heyətinə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları” mövzusunda videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin mütəxəssisləri “Səhər yeməyinin faydaları”, “Fast-foodun zərərləri”, "Qida zəhərlənmələri zamanı ilkin profilaktik tədbirlər" mövzularda təqdimatlar nümayiş etdirib. Sonda Agentliyin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.