AQTA-da heyvanların identifikasiya sistemi ilə bağlı görüş keçirilib


Paylaşılıb 12.03.2019 12:46


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyənin Anadolu Bölgəsinin Heyvandarlıq Birliyi, “AzProtein Foods Group” və Azərbaycan Heyvandarlıq Assosiasiyasının rəhbərləri ilə görüş keçirib. Görüşün əsas müzakirə mövzusu ölkəmizdə yeni yaradılacaq heyvanların identifikasiya sistemi olub.

Görüş çərçivəsində heyvanların identifikasiyası sahəsində Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması və heyvandarlıqla bağlı hazırlanmış inkişaf proqramı üzrə fikir mübadiləsi aparılıb. Agentliyin sədri Qoşqar Təhməzli bildirib ki, yeni sistem ölkədə qida təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik olacaq.

Qeyd edək ki, sistem heyvanların həyatı boyu genetik xətt üzrə izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icra edilməsinə imkan yaradacaq, ölkəmizin müasir qida təhlükəsizliyi standartlarına inteqrasiyasını sürətləndirəcəkdir.