Bakı və Ağstafa məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib


Paylaşılıb 15.03.2019 05:40


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Bakı şəhəri Nəsimi rayonu 159 saylı tam orta məktəb və Ağstafa şəhər Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları”, “Qida etiketləri” mövzusunda videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə məktəbli çantasının hazırlanması qaydaları, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, enerji içkilərinin insan orqanizminə zərərləri, qida məhsulları alarkən diqqət edilməli məqalmar barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.