Quba, Qusar, Ağcabədi, Göygöl və Bakı məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib


Paylaşılıb 29.03.2019 07:53


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Bakı şəhəri Nəsimi rayonu 1 saylı tam orta məktəb, Ağcabədi şəhər C.İbrahimov adına 2 nömrəli tam orta məktəb, Quba rayonu 4 nömrəli orta məktəb, Qusar rayon E.Güləliyev adına 2 nömrəli orta məktəb və Göygöl rayonu Üçtəpə kənd tam orta məktəbinin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında geniş məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Şəkərin ziyanları”, “Qida etiketləri” mövzusunda videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə məktəbli çantasının hazırlanması qaydaları, qida təhlükəsizliyinə dair ilkin vərdişlər, balanslaşdırılmış qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri,süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında "Qida işıqforu" intellektual oyunu keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar paylanılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.