AQTA sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransa və Belçikada səfərdə olub


Paylaşılıb 01.04.2019 10:15


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər edib.

Agentliyin nümayəndə heyəti Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş direktoru Nico Horn, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) baş direktoru Monik Eluan, Fransanın Qida üzrə Baş Direktorluğunun (DGAL) Avropa və beynəlxalq sanitar məsələlər üzrə departamentinin rəhbəri Şarl Martən və Qida, Ətraf Mühit, Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Agentliyin (ANSES) Tədqiqatlar üzrə baş direktoru doktor Jil Salvanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.

Görüşlərdə Q. Təhməzli  dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri ilə bağlı iştirakçılara geniş məlumat verib.

Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş direktoru Nico Horn ilə görüşdə əhalinin sağlam qida məhsulları ilə təmin olunması istiqamətində Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən, bitki mühafizəsi sahəsində mövcud vəziyyət və qarşıya çıxan problemlərdən bəhs edib. Bildirilib ki, ölkəmizin 20 faiz torpaqları erməni işğalı altındadır və bu torpaqlar nəzarətdən kənar olduğu üçün bitki mühafizəsi sahəsində zərərvericilərə qarşı mübarizə aparmaq, onların qarşısını almaq mümkün deyil və bu fitosanitar nəzarət sahəsində və bitkiçilik məhsullarının  ixracında müəyyən çətinliklərin yaranmasına səbəb olur. İşğal altında olan torpaqlarda bitki sağlamlığını təmin etmək və zərurət yarandıqda karantin tətbiq etmək hazırki şəraitdə qeyri-mümkündür. Bildirilib ki, EPPO nüfuzlu beynəlxalq təşkilat kimi bu istiqamətdə öz missiyasına uyğun olaraq, müəyyən tədbirlər həyata keçirə və işğal olunmuş Azərbaycan torpaqlarında fitosanitar vəziyyəti diqqətdə saxlaya bilər.

Görüşdə EPPO-nun e-fresco Komissiyası çərçivəsində ölkəmizdə bitki sağlamlığı və fitosanitar nəzarət üzrə elmi tədqiqat işlərinin aparılmasına, eləcə də bitki sağlamlığı və fitosanitar nəzarət sahəsi üzrə kadr hazırlığına müvafiq texniki dəstək göstərməsinə dair müzakirələr aparılıb. “2020-ci il Beynəlxalq bitki sağlamlığı ili” üzrə EPPO-nun regional tədbirlərindən birinin Azərbaycan Respublikasında keçirilməsi təşəbbüsü irəli sürülüb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Monik Eluanın rəhbərlik etdiyi nümayəndə heyət ilə görüşdə heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər və yeni yaradılacaq heyvanların identifikasiya sistemi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Abşeron yarımadasının “xəstəliklərdən azad zona”  statusu almasına, Qida Təhlükəsizliyi İnstitutu ilə OİE-nin Elmi Komissiyası arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına,  heyvan xəstəlikləri ilə mübarizə sahəsində elmi tədqiqatların aparılmasına, eləcə də heyvan sağlamlığı və baytarlıq nəzarəti üzrə kadr hazırlığı ilə bağlı müvafiq texniki dəstək göstərilməsi məsələləri müzakirə olunub.

Fransanın Qida üzrə Baş Direktorluğunun (DGAL) Avropa və beynəlxalq sanitar məsələlər üzrə departamentinin rəhbəri Şarl Martənin və Qida, Ətraf Mühit, Əmək Sağlamlığı və Təhlükəsizliyi üzrə Milli Agentliyin (ANSES) Tədqiqatlar üzrə baş direktoru Jil Salvanın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlərdə qida məhsullarının idxal və ixracı prosedurları, qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsinə dair təcrübə mübadiləsinin aparılması məsələsi müzakirə olunub.  Qida təhlükəsizliyinə nəzarət üzrə regional idarəetmə sistemi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Belçikaya da səfər edib. Nümayəndə heyəti Belçika Krallığının Qida Təhlükəsizliyi üzrə Federal Xidmətinin baş icraçı direktoru Herman Diriks ilə görüşüb.   

Görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə kadr hazırlığı üzrə əməkdaşlığın həyata keçirilməsi, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı Belçika Krallığının təcrübəsindən istifadə olunması məsələləri müzakirə edilib.

Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, eləcə də laboratoriyaların strukturunun öyrənilməsi və kadr hazırlığının gücləndirilməsi üzrə Belçika təcrübəsinin öyrənilməsi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun beynəlxalq statusu, akkreditasiyası kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.