AQTA sədri “Rosselxoznadzor”un nümayəndə heyətini qəbul edib


Paylaşılıb 24.06.2022 16:59


İyunun 24-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbərinin müavini Anton Karmazin ilə görüşüb.

Görüşdə Q. Təhməzli Azərbaycanda səfərdə olan nümayəndə heyətinə ölkəmizdə istehsal olunan bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən nəzarət tədbirləri barədə ətraflı məlumat verib.

Tədbirdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər arasında imzalanmış ikitərəfli sazişlər üzrə işlərin davam etdirilməsi, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətdə olan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarətlə bağlı qurumlararası əməkdaşlığın genişləndirilməsi, bu istiqamətdə təcrübə mübadiləsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin bu münasibətlərin davamlı inkişafı üçün perspektiv imkanların araşdırılması və birgə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub. 

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi Rusiya Federasiyasına ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, Azərbaycanda pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi ilə tanışlıq və bu sahələrdə təcrübə mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyası, Xaçmaz Regional Sınaq Laboratoriyası, eləcə də müxtəlif meyvə-tərəvəz istehsalı müəssisələri və logistika mərkəzlərinə baxış keçirib.