Daşkəsən, Qubadlı, Qəbələ və Bakı məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib


Paylaşılıb 12.04.2019 01:40


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Bakı şəhəri Nizami rayonu 227 nömrəli tam orta məktəb, Daşkəsən rayonu 1 nömrəli tam orta məktəb, Qubadlı şəhəri 1 saylı tam orta məktəb və Qəbələ rayonu Vəndam qəsəbəsi 1 sayli tam orta məktəbinin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara “Qida zəncirinin mərhələləri”, “Qida məhsullarında etiket məlumatlarının vacibliyi”, "Şəkərinn insan sağlamlığına ziyanları" mövzularında videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin mütəxəssisləri tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, fast food-un zərərləri, dəniz məhsullarının faydaları barədə ətraflı məlumat verilib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara Agentlik tərəfindən hazırlanan maarifləndirici materiallar paylanılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirlməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.