İdxal olunan toxumluq kartof məhsullarında kartofun çürüməsinə səbəb olan orqanizm aşkar olunub


Paylaşılıb 29.09.2022 16:44


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentlik müfəttişləri tərəfindən keçirilən fitosanitar nəzarət tədbirləri zamanı Rusiya Federasiyasından ölkəmizə idxal olunan toxumluq kartof məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində aşağıdakı məhsul partiyalarında karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp. Sepedonicus) aşkar olunub:

1. Rusiya Federasiyasının Dağıstan Respublikası, Dərbənd rayonunda fəaliyyət göstərən K.T.Abdusalamoviçə məxsus müəssisədən "Elşadoğlu Trade" MMC tərəfindən idxal olunan 20.5 ton toxumluq kartof məhsulu;

2. Rusiya Federasiyasının Dağıstan Respublikası, Suleyman-Stalskiy rayonunda fəaliyyət göstərən S.N.Sovzıxonoviçə məxsus müəssisədən fiziki şəxs Nağıyev Səfər Ələsgər oğlu tərəfindən idxal olunan 67 ton toxumluq kartof məhsulu.

Aşkar edilmiş hər iki faktla bağlı məhsulların məhv edilməsi, zərərsizləşdirilməsi və ya geri qaytarılmasına dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.