“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Goranboy və Xaçmazda keçirilib


Paylaşılıb 30.04.2019 19:30


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti görüşlər Goranboy rayonu M. Dosiyev adına Qızılhacılı qəsəbə 2 nömrəli orta məktəb və Şabran şəhəri 4 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, gündəlik qida rasionun təşkili, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları, energetic içkilərin ziyanları barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.