AQTA əməkdaşları sahibkarlarla görüşüb


Paylaşılıb 02.05.2019 16:42


Mayın 2-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)  mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxalına dair işlərin təkmilləşdirilməsi ilə bağlı sahibkarlarla görüş keçirilib.

Tədbirdə Agentliyin Bakı regional bölməsinin rəisi Əkbər Əliyev Agentliyin fəaliyyət istiqamətləri, gördüyü işlər, idxal-ixrac əməliyyatları ilə bağlı qarşıda duran məsələlər, məhsulların minimum keyfiyyətinə və təhlükəsizliyinə dair əsas tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və məhsulların sertifikatlaşdırılması haqqında sahibkarlara geniş məlumat verib. Görüşdə qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən  olduğu vurğulanıb.

Görüş çərçivəsində  idxal prosedurları ilə bağlı sahibkarlarla maarifləndirmə işinin davam etdirilməsinin və bu sahəyə peşəkar mütəxəssislərin cəlb edilməsinin önəmindən bəhs olunub. Eyni zamanda  idxal prosedurlarının şəffaflığı, neqativ hallara qarşı birgə mübarizə, mövcud qaydaların təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində sahibkarların təklifləri dinlənilib.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.