AQTA sədri AQTİ bazasında ən müasir tələblərə cavab verən 21 laboratoriya yaradıldığını bildirib


Paylaşılıb 10.07.2019 08:50


Qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya infrastrukturunun yaradılması üçün qısa müddət ərzində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bazasında ən müasir tələblərə cavab verən 21 laboratoriya yaradılıb.
Bu fikirlər iyulun 9-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Agentliyin fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirilib.

Agentlik sədri Qoşqar Təhməzli qeyd edib ki, regionlarda coğrafi yerləşmə və məhsul spesifikasiyası nəzərə alınaraq yaradılmış yeni laboratoriyalarda, yerli sakinlər arasından seçilmiş potensiallı kadrlar təlimə cəlb edilərək, müvafiq işlə təmin olunub.

Lənkəranda heyvan və bitki mənşəli xəstəliklərin, həmçinin bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsini həyata keçirmək potensialına malik olan regional sınaq laboratoriyası yaradılıb. 
Qeyd olunan müayinələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimləri uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır. İxrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb. Eyni zamanda idxal prosesinin sürətləndirilməsi üçün analoji laboratoriya Meyvəli bazarında da təşkil edilib.
Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar Laboratoriyası yaradılıb, qablaşdırma maddə və materialları bölməsində respublikamızda ilk dəfə olaraq qidaya miqrasiya edə bilən plastik material monomerlərinin, formaldehidin, ağır metalların təyini üçün metodlar işlənib hazırlanıb və bu istiqamətdə qablaşdırma materiallarında sınaqlar aparılmağa başlanılıb.
Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Azərbaycan Qida Təhlükəsziliyi İnstitutu tərəfindən səhratipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası yaradılıb. Bu laboratoriya vasitəsilə ölkəmizin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.

Tikinti və təmir işləri tamamlanan Şamaxı Regional Sınaq laboratoriyasında torpağın, suvarma və drenaj suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçiriləcəkdir.

Şəki və Zaqatala rayonlarının eyni coğrafi regionda yerləşməsi, Azərbaycanın ixrac potensialı yüksək olan fındıq məhsulunun bu regionda yetişdirilməsi və burada fındıq emalı müəssisələrinin fəaliyyət göstərməsini nəzərə alaraq, ixrac edilən fındıq məhsullarının toksikoloji müayinələrinin Şəki Regional Sınaq laboratoriyasında həyata keçirilməsi üçün laboratoriyanın təyinatı dəyişdirilib.
Qida təhlükəsizliyi sahəsində Milli Referens Laboratoriyasının yaradılması istiqamətində beynəlxalq və regional istinad laboratoriyalarının iş təcrübəsi öyrənilib, səriştəlilik sınaqlarının keçirilməsi üçün lazım olan standart materialların alınmasına başlanılıb. Hazırda Milli Referans Laboratoriyasında həyata keçirilən müayinələr Kodeks Alimentariusun tövsiyələrinə əsasən yenilənməkdədir.
Kodeks Alimentariusun tələblərinə əsasən meyvə və tərəvəzlərdə pestisid qalıq miqdarının təyini müayinələrinin sayı 7-dən 83-ə çatdırılıb. Həmçinin laboratoriyada bitki və bitkiçilik məhsullarında 205 adda pestisid qalıqlarının müayinəsi üçün sınaq metodu işlənib hazırlanıb və metodun validasiyası işlərinə başlanılıb.

Qoşqar Təhməzli deyib ki, ötən müddət ərzində qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, bu sahəyə ictimaiyyətin diqqətini artırmaq məqsədilə cari ilin 17 may tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransı keçirilib.

Konfrans çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Türk Standartlar İnstitutu, Türkiyə Akkreditasiya Qurumu, ABŞ-ın Maryland Universiteti və ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 
Agentlik sədri onu da qeyd edib ki, hesabat dövründə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 29263 müraciət daxil olub.

Müraciətlərə əsasən ümumilikdə 848046 nümunə müayinələrə cəlb edilib. Bunlardan 61120 ədədi idxal, 548274 ədədi ixrac, 45748 ədədi aparılmış monitorinqlər, 40288 ədədi fərdi istək, 216 ədədi şikayət və 152400 ədədi digər növ əməliyyatlar üzrə daxil olmuş nümunələrdir.