“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görüş keçirilib


Paylaşılıb 20.09.2019 02:16


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkə prezidentinin 29 aprel 2019-cu il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri iştirak edib. Görüş zamanı bitki sağlamlığı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gələn məsələlərin icra edilməsinə dair məsələlər müzakirələr edilib.

Bitki sağlamlığı ilə bağlı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı yaradılmış 4 işçi qrupu üçün prioritet istiqamətlər müəyyənləşdirilib. İşçi qrupların üzvlərinin bitki sağlamlığına nəzarət üzrə qanunvericiliyin təkmilləşdirilməsi, əkinətəyinatlı torpaq sahələrində bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən istifadəyə dair monitorinqlərin aparılması, bitki mühafizəsi vasitələrinin qeydiyyatı, dövriyyəsinə və istifadəsinə nəzarət mexanizminin təkmilləşdirilməsi, bitki mənşəli məhsullarda aqrokimyəvi maddələrin və pestisidlərin qalıqlarının monitorinqi proqramının hazırlanması və icrasının təmin edilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bitki sağlamlığı ilə bağlı risklərin təhlil mexanizminin yaradılması, zərərvericilərdən azad zonaların yaradılması imkanlarının nəzərdən keçirilməsi, əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizə üzrə inteqrir mübarizə tədbirləri sisteminin hazırlanması və tətbiqi ilə bağlı işlər görməsi, eyni zamanda işçi qrupunun rəhbərləri görülən işlərlə bağlı rüblük və aylıq hesabatlar verməsi nəzərdə tutulub.

Tədbir təklif və müzakirələrlə davam etdirilib.