AQTA nümayəndəsi İsveçrədə keçirilən beynəlxalq tədbirdə məruzə ilə çıxış edib


Paylaşılıb 16.10.2019 16:53


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı İsveçrənin Cenevrə şəhərində keçirilən “Qeyri-Tarif tədbirləri həftəsi” sessiyasında iştirak edib. Sessiyada təqdimatla çıxış edən Agentliyin Qida təhlükəsizliyinin tənzimlənməsi və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun müdiri Fərid Əmirov ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı tədbirdə iştirak edən xarici dövlət və özəl sektor nümayəndələrinə ətraflı məlumat verib.

Beynəlxalq standartların yerli standartlara uyğunlaşdırılması mövzusunda keçirilən panel iclasda Agentliyin nümayəndəsi ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılması mövzusunda çıxış edib. Avropa Birliyinin tənzimləyici sənədlərinə uyğunlaşdırma, Kodeks Alimentarius Milli Komissiyasının, eləcə də komissiyanın tərkibində alt komitələrinin yaradılması, işçi qrupların formalaşdırılması barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, artıq texniki tənzimləyici sənədlər İşçi Qrupda hazırlanma mərhələsindədir. Bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilir.

Qeyd edək ki, sessiyalar zamanı qeyri-tarif tədbirləri və ticarət münasibətləri, elektron ticarət, milli və regional tənzimləmənin uyğunluğu, əməkdaşlıq ilə bağlı siyasi təşəbbüslər, qeyri-tarif ticarət münasibətləri, beynəlxalq standartların tətbiqi üzrə orqanlar, Asiya ve Sakit Okean hövzələrində qeyri-tarif və Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin qurulması, balıqçılıq subsidiyalarında şəffaflığın təmin olunması mövzularında müzakirələr aparılıb.