AQTİ-də Kodeks Alimentarius Milli Komissiyasının iclası keçirilib


Paylaşılıb 29.11.2019 15:57


Noyabrın 28-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Kodeks Alimentarius Milli Komissiyasının iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, AQTİ-nin nümayəndələri və işçi qrupun digər üzvləri iştirak ediblər.

İclasda komissiyanın qida təhlükəsizliyi sahəsində norma və qaydaların beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində gördüyü işlər barədə məlumat verilib.

Tədbirdə “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin maksimum qalıq limitlərinə dair baytarlıq normaları və qaydaları”, “Bitki adı ilə adlandırılan yağlara dair sanitariya normaları və qaydaları” adlı sənədlərin layihələri müzakirə edilib.

Bundan başqa, “Heyvan mənşəli qidaların rəsmi nəzarətinə dair xüsusi qaydalar”, “Heyvan mənşəli qidaların xüsusi gigiyena tələblərinə dair İdarəetmə qaydaları” və “Qida məhsullarında çirkləndiricilər və toksinlər üçün ümumi standart” adlı yeni texniki normativ hüquqi aktların layihələrinin işlənib hazırlanması üçün müvafiq Komitələrin yaradılması, bu komitələrə namizədlərin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılıb.

İclasda bu sahədə texniki normativ hüquqi aktların beynəlxalq tələblərə uyğunlaşdırılmasının əhəmiyyəti, qarşıya qoyulan vəzifələr barədə məlumat verilib, təkliflər dinlənilib.