AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb


Paylaşılıb 09.12.2019 17:15


 
 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.
 
Agentlik əməkdaşları növbəti dəfə Sabirabadda heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüblər.
Müşavirədə Sabirabad, Saatlı, Neftçala, Salyan və Hacıqabul rayonundan və Şirvan şəhərindən olan fermerlər, heyvandarlıq məhsullarının istehsalı və emalı ilə məşğul olan sahibkarlar, rayon ictimaiyyətinin nümayəndələri və rayon baytarlıq idarələrinin əməkdaşları iştirak ediblər.
 
Görüşün keçirilməsində məqsəd “Heyvan sağlamlığı sahəsinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair Tədbirlər planı”nda baytarlıq nəzarəti sahəsində risk əsaslı epizootoloji nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, baytarlıq mütəxəssislərinin peşəkarlığının yüksəldilməsi, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin, heyvan xəstəliklərindən azad zonaların yaradılması üzrə tədbirlərin icrasıdır.
 
Tədbirdə heyvan sağlamlığı və dövlət baytarlıq nəzarəti sahəsində münasibətlərdə şəffaflığın və operativliyin təmin edilməsi mövzusunda fikir mübadiləsi aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar cavablandırılıb.
 
Qeyd edək ki, sözügedən mövzuda sahibkarlarla görüşlərin Salyan, Ucar, İmişli, Ağcabədi və Bərdə rayonlarında da keçirilməsi nəzərdə tutulur.