Bərdədə pendir istehsal edən sexin fəaliyyəti məhdudlaşdırılıb


Paylaşılıb 19.12.2019 17:35


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Daxil olan məlumat əsasında AQTA əməkdaşları Bərdə rayonu, Canavarlı kənd ərazisində fəaliyyət göstərən fiziki şəxs Bayramov Şahmar Musa oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər.

Reyd zamanı saçaqlı pendir istehsal edən sexdə yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı müəyyən edilib. İstehsal sahəsinin sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl edilmədən fəaliyyət göstərdiyi məlum olub.

Reyd zamanı müəssisədə istehsal edilən süd məhsullarından (saçaqlı pendir) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.