Polşanın bəzi inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub


Paylaşılıb 10.01.2020 10:31


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb.

Məlumatda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınmışdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.”