AQTA 2019-cu ilin yekunlarına dair hesabat verib


Paylaşılıb 17.01.2020 16:20


Yanvarın 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi sahəsində 2019-cu ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Mətbuat konfransını giriş sözü ilə açan AQTA sədri Qoşqar Təhməzli hesabat dövründə ölkəmizdə qida təhlükəsizliyi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlarla əməkdaşlıq və qeydiyyat, beynəlxalq əməkdaşlıq, ictimai nəzarət və maarifləndrimə tədbriləri barədə iştirakçılara məlumat verib. Eyni zamanda Q.Təhməzli qida zəncirinə dövlət nəzarəti tədbirləri, onların nəticələri, eləcə də ictimaiyyətlə əlaqələlər və həyata keçirilən layihələrdən danışıb. AQTA sədri hesabat dövründə qida təhlükəsizliyinin, heyvan və bitki sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər, Qida Təhlükəsizliyi İnstitunun fəaliyyəti barədə də tədbir iştirakçılarını məlumatlandırıb. 

**

AQTA: “Qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub” 

**

Ötən il Agentliyin fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb. Bu barədə AQTA sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib. Bildirib ki, Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib. “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi və uyğunlaşma paketi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb. Sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Artıq 6  sanitar, fitosanitar, baytarlıq norma və qaydalar Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layhə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb. Bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

**

2019-cu ildə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciət edən 10652 sahibkarlıq subyektindən 405-ə imtina verilib .

**

2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında AQTA sədri Qoşqar Təhməzli bildirib ki, hesabat dövründə sahibkarların yeni qida təhlükəsizliyi sistemi barədə məlumatlandırılması, maarifləndirilməsi, sahibkarlarla dövlət-özəl əməkdaşlığının təmin edilməsi məqsədilə bir sıra biznes assosiasiyaları, ticarət palataları ilə birlikdə 80 tədbir təşkil edilib, 3900-dən çox sahibkarla görüşlər keçirilib. Qeydiyyat prosesinin optimallaşdırılması və şəffaflığın təmin edilməsi üçün elektron qeydiyyat sistemi yaradılıb və bütün ölkə üzrə tətbiq edilib. 2019-cu il ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 10 652 müraciət daxil olub. Bu müraciətlərdən 10 247-si ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub.

**

2019-cu ildə AQTA beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib

**

2019-cu ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər heyəti və bir neçə məsul şəxsinin Fransa,  Belçika, Gürcüstan, Rusiya, Argentina, Belarus, Monteneqro, Bosniya və Herseqovinaya işgüzar səfərləri təşkil edilib.    Agentlik sədri Qoşqar Təhməzli bildirib ki,  səfərlər çərçivəsində bir sıra beynəlxalq və milli təşkilatlarla işgüzar görüşlər keçirilib. Qarşılıqlı səfərlər zamanı Bitki Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE), Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Baş Direktorluğu ilə əməkdaşlıq əlaqələri genişləndirilib. İkitərəfli əməkdaşlıq çərçivəsində Agentlik tərəfindən 2 ölkə və 1 beynəlxalq təşkilatla əməkdaşlıq sazişi imzalanıb,  12 ölkə ilə 15 saziş layihəsi hazırlanıb. Agentlik tərəfindən hazırlanan “Qida təhlükəsizliyi”, “Baytarlıq”, “Bitki karantini və mühafizəsi” sahələrində əməkdaşlıq haqqında nümunəvi beynəlxalq müqavilə modeli layihələrinin 8 ölkəyə nəzərdən keçirilməsi məqsədi ilə təqdim olunması təmin edilib. Bu istiqamətlərdə sazişlərin bağlanması respublikamızdan qida məhsullarının həmin ölkələrə asanlıqla ixrac olunmasına şərait yaradacaq.  Bundan başqa ötən il mayın 15-də Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2019” sərgisində AQTA ikinci dəfə öz stendi ilə iştirak edib.  Eyni zamanda 2019-cu ildə Agentlik tərəfindən 25 ölkənin nümayəndələri daxil olmaqla, 250-dən artıq rəsmi qonağın iştirak etdiyi II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. İl ərzində Agentliyin əməkdaşları ölkədaxili və xaricdə keçirilən 44 beynəlxalq tədbirdə, 16 beynəlxalq təlimdə iştirak edib.

**

“Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib

**

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2019-cu ildə istehlakçıların maarifləndirilməsi istiqamətində 12 maarifləndirici sosial çarx hazırlayıb, televiziya və digər elektron informasiya vasitələrində mütəmadi yayımı həyata keçirilib. Bu barədə məlumat verən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, il ərzində müxtəlif mətbuat orqanlarında təbliğat-təşviqat xarakterli 200-ə qədər elmi-tədqiqat və maarifləndirici məqalə dərc edilib, qida təhlükəsizliyinə dair daxil olan 650-dən çox yazılı sorğu cavablandırılıb. 10-dan artıq informasiya portalında ilboyu “AQTA maarifləndirir” adlı layihə həyata keçirilib. Agentlik tərəfindən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər 2000-dən artıq rəsm əsərləri ilə iştirak edib. “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumilikdə 20 000-ə qədər müəllim və şagirdin iştirakı ilə 65 bölgənin 135 ümumtəhsil müəssisəsində sağlam qidalanmanın təşviqi istiqamətində tədbirlər keçirilib. Əhali arasında sağlam qidalanmanın geniş təbliği ilə bağlı universitetlərdə, orta məktəblərdə, dəmiryolu vağzalı, avtobuslar və metro vaqonlarında maarifləndirici bannerlər quraşdırılıb,  videoçarxlar nümayiş etdirilib. Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı ilk elmi-kütləvi informasiya vasitəsi olan “Süfrə” jurnalı hazırlanıb, 2 nömrəsi nəşr edilib, 1 nömrəsi çapa hazırlanıb.

**

AQTA ötən il ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib.

**

Ötən il Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirilib. AQTA sədri Qoşqar Təhməzli bildirib ki, yoxlamaların 820-i planlı, 471-i isə plandankənar olub. 748 təsərrüfat subyekti barədə  inzibati xəta haqqında 792 protokol tərtib edilib. 629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib.  Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 530 AZN məbləğində inzibati cərimə tətbiq olunub. 2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə  108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub. Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib.

**

Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

**

2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib. Bu barədə məlumat verən  AQTA sədri Qoşqar Təhməzli bildirib ki, 2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub. Bundan başqa ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb.  İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb. 2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib. Q. Təhməzli diqqətə çatdırıb ki, 2020-ci ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək. Layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən İT əsaslı yoxlamalara başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib. Eyni zamanda ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı AQTİS-də ixrac modulunun hazırlanmasına başlanıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır.

**

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub.

**

AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  ötən il Agentliyin 1003 “Çağrı Mərkəzi”nə, rəsmi sosial şəbəkə səhifəsinə və şəhər telefonu vasitəsilə müxtəlif məzmunlu 19 944 müraciət daxil olub. Müraciətlərdən 2291 zəng (11%) istehlakçı hüquqlarının pozulması halları, 480 zəng (2,4%) qida zəhərlənməsi, 89 zəng (0,5%) brusellyoz xəstəliyi, 39 zəng (0,3%) qarayara xəstəliyi, 26 zəng (0,1%) isə vərəm xəstəliyi barədə olub. “Çağrı Mərkəzi” vasitəsilə qida zəhərlənməsi və digər qida mənşəli xəstəliklərə aid Səhiyyə Nazirliyi və Baş Prokurorluq  tərəfindən 482 təcili bildiriş və məlumat daxil olub. Araşdırmalar nəticəsində 482 bildiriş və məlumat əsasında 208 zəhərlənmə faktı təsdiq edilib, 274 bildiriş təsdiqini tapmayıb. Müraciətlər əsasında ümumi sayı 987 nəfər zərərçəkən qeydiyyata alınıb, onlardan yalnız 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri hadisələri əsasən məişət zəminində baş verib ki, bu da 87.7% təşkil edir.

**

AQTA bitki mənşəli yağlara dair sanitariya norma və qaydaları layihələrini hazırlayıb

**

Hesabat dövründə qida təhlükəsizliyi nəzarəti sahəsində 1013 yoxlama həyata keçirilib.  AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  yoxlamaların 594-ü planlı, 419-u isə plandankənar yoxlamalar olub. Nəticədə 2.2 ton qida məhsulu zərərsizləşdirilib, 208.5 ton və 9734 litr qida məhsulu məhv edilib. İdxal nəzarəti zamanı isə əlavə 239 ton qida məhsulu məhv edilib. 545 inzibati cərimə, 14 şərti cərimə və 30 xəbərdarlıq barədə qərar qəbul olunub, 32 3700 AZN inzibati cərimə tətbiq olunub. “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələrək yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma, idxal-ixrac əməliyyatlarının, laborator müayinələrin təhlili nəticəsində ölkədə mövcud olan əsas qida təhlükəsizliyi problemləri müəyyən edilib. Bu problemlər üzrə “Palma yağı”, “Trans yağ”, “Fındıqda aflatoksin”, “Quş əti məhsullarında Salmonella, “Çiy süd və süd məhsullarında Brucella” üzrə risk profilləri hazırlanıb. 2019-cu ildə “Məktəblilər üçün süd” pilot layihəsi hazırlanıb və pilot olaraq 3 məktəbdə (Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 305 nömrəli tam orta məktəb və Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən qaçqınlar üçün tikilmiş 32 və 29 nömrəli tam orta məktəblər) həyata keçirilib. Qida məhsullarının tərkibində trans yağ turşularının miqdarının minimuma endirilməsi məqsədilə trans yağ turşularının elmi risk qiymətləndirilməsi aparılıb. Bitki mənşəli yağlara dair sanitariya norma və qaydalarının layihələri hazırlanıb. Yaxın gələcəkdə qəbul ediləcək bu norma və qaydada bitki mənşəli yağlarda trans yağların kütlə payının 2 faizdən çox olmaması ilə bağlı tələb öz əksini tapacaq.

**

39 rayon və şəhərdə 40 modul tipli heyvan kəsimi məntəqəsi yaradılacaq.

**

2019-cu ildə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi məqsədilə ölkə üzrə müasir heyvan kəsimi məntəqələrinin təşkil olunması istiqamətində 85 müraciət daxil olub, onlardan 35 heyvan kəsimi məntəqəsi qida təhlükəsizliyi qeydiyyatına götürülüb.  AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  34 müəssisənin yaradılması üçün ərazi və yenidən qurulması tələb olunan mövcud obyekt ekspertizadan keçirilib, 21 müəssisə texniki normativ hüquqi aktlara cavab vermədiyi üçün qeydiyyatdan imtina edilərək mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə təlimatlandırılıb. 25 heyvan kəsimi məntəqəsi müvafiq təlimatlar əsasında yenidən qurulub, 6 məntəqədə isə yenidənqurma işləri başa çatmaq üzrədir. Növbəti mərhələdə heyvan kəsimi məntəqəsi olmayan Bakı şəhəri və regionlar üzrə 39 rayon və şəhərdə mərhələli şəkildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən 40 modul tipli heyvan kəsimi məntəqəsinin yaradılması nəzərdə tutulur. Q.Təhməzli bildirib ki, heyvan xəstəliklərinin ölkəyə daxil olması riskinin aradan qaldırılması üçün Agentlik tərəfindən  heyvan xəstəlikləri qeydə alınan ölkələrdən heyvan, quş və heyvandarlıq məhsullarının idxalına məhdudiyyət tətbiq olunması ilə bağlı 13 qərar qəbul edilib. Epizootoloji monitorinqlər nəticəsində 5  halda heyvanlarda qarayara xəstəliyi aşkar olunub və bu haqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına bildiriş göndərilib. Yüksək patogen quş qripi xəstəliyindən qorunmaq məqsədilə epizootoloji monitorinqlər aparılıb, 192 baş çöl quşundan və müxtəlif növ ev quşlarından alınan 1371 qan nümunələri biotəhlükəsizlik səyyar laboratoriyasında diaqnostik müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkarlanmayıb. Bundan başqa ötən il  Qurban bayramı günlərində heyvan kəsiminin daha intensiv aparıldığı rayon və şəhərlərdə 44 stasionar və 30 çadırtipli kəsim məntəqələrində heyvanların sanitar-gigiyenik qaydalara uyğun kəsiminin aparılması məqsədilə baytarlıq nəzarəti tədbirləri həyata keçirilib.

**

Ötən il Abşeron, Sumqayıt və Bakıda 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib.

**

Hesabat dövründə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması istiqamətində bir sıra addımlar atılıb. Belə ki, bununla bağlı İşçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb.    Bu barədə məlumat verən AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  növbəti mərhələdə pilot layihə kimi Abşeron yarımadasında heyvanların identifikasiyasına başlanılacaq. Heyvanların vaksinasiyası və identifikasiyasının aparılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ictimai işlər vasitəsilə əlavə baytar operatorların işə cəlb edilməsi planlaşdırılır.  Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələbləri nəzərə alınmaqla, ölkədə heyvan xəstəliklərinin azaldılması və heyvan mənşəli məhsulların ixracının asanlaşdırılması məqsədilə Abşeron yarımadasının heyvan xəstəliklərindən azad zona elan edilməsi istiqamətində tədbirlərə başlanıb. Bununla əlaqədar Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri ərazisində 1371 heyvandarlıq təsərrüfatının reyestri tərtib edilib.

**

Pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi üçün təkliflər hökümətə təqdim edilib.

**

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin sınağının aparılması və dövlət qeydiyyatına alınması ilə bağlı 526 preparatın qeydiyyatı ilə bağlı  şəhadətnamə verilib.   Bu barədə məlumat verən  AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  pestisid və aqrokimyəvi maddələrin idxalı və saxlanması üçün lisenziyanın alınması üçün anbarlara baxış keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən 89 müraciət edilib, onlardan 42 anbara müsbət rəy, 47 anbara isə tələblərə uyğun gəlmədiyi üçün imtina verilib. Respublika ərazisinə pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji preparatların və digər bitki mühafizəsi vasitələrinin idxalı üçün Agentliyə 1801 müraciət daxil olub, onlardan 6-na (ölkədə qeydiyyatda olmayan preparatların idxalı üzrə) imtina verilib. Bir çox ölkədə bitki mühafizəsi sahəsində istifadə edilən preparatların istifadəsinə dair məlumatlar araşdırılıb. Azərbaycanda istifadəsinin qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrin və yüksək toksiki-ekoloji təhlükəli preparatların siyahısı yenidən hazırlanıb.  Respublika ərazisində istifadəyə yararsız, istifadəsi qadağan olunmuş pestisid qalıqlarının yerləri və onlara dair məlumatlar araşdırılıb, riskləri qiymətləndirilib. Pestisidlərlə çirklənmiş ərazilərin sərhədlərinin və kütləsinin daha dəqiq müəyyənləşdirilməsi, həmin ərazilərdəki pestisidlərin zərərsizləşdirilməsi və torpaqların təmizlənməsi məqsədilə təkliflər hazırlanaraq hökümətə təqdim edilib. Samux rayonunun 5000 ha ərazisində aparılan fitosanitar müşahidələr nəticəsində 3060 ha ərazidə müxtəlif növ çəyirtkələrin kütləvi yayılması aşkarlanıb. Çəyirtkələrlə mübarizə məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə apardığı mübarizə tədbirləri nəticəsində çəyirtkələrin yayılma arealı və sıxlığı əhəmiyyətli dərəcədə azalıb, əkin sahələrinə dəyəcək zərərin qarşısı alınıb.

**

Ölkədə yeni 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq.

**

2019-cu ildə ixrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb. Qida Təhlükəsizliyi İnstitutunun ötən ilki fəaliyyəti ilə bağlı məlumat verən AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  idxal prosesinin sürətləndirilməsi üçün analoji laboratoriya Meyvəli bazarında da təşkil edilib. Həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında bitkiçilik məhsullarında fitopatoloji mikroorqanizmlərin təyini üçün molekulyar metodların tətbiqinə başlanılıb. Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar Laboratoriyası yaradılıb. Burada baytarlıq preparatları, bitki mühafizə  vasitələri və qida məhsulları ilə təmasda olan maddə və materialların müayinəsi aparılır. Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən səhratipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası yaradılıb. Q.Təhməzli məlumat verib ki, növbəti mərhələdə bu cür daha 3 laboratoriyanın yaradılması planlaşdırılır. Tikinti və təmir işləri tamamlanan Şamaxı Regional Sınaq Laboratoriyasında  torpağın, suvarma və drenaj suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçiriləcək. Şəki və Zaqatala rayonlarının eyni coğrafi regionda yerləşməsi nəzərə alınaraq, ixrac edilən fındıq məhsullarının toksikoloji göstəriciləri üzrə müayinələrinin və karantin ekspertizasının Şəki Regional Sınaq Laboratoriyasında həyata keçirilməsi məqsədilə laboratoriyanın təyinatı dəyişdirilib. Dünya Bankının dəstəyi ilə laboratoriyaların milli və beynəlxalq akkreditasiyaya hazırlanması prosesinə başlanılıb, 4 laboratoriya milli akkreditasiyadan keçirilib. 2020-ci ildə 3 laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin ediləcək. Beynəlxalq tələb və metodikalara uyğun şəkildə 11 elmi araşdırma aparılıb. Bunlardan 6-sı bitki sağlamlığı, 2-i risk qiymətləndirilməsi, 3-ü heyvan sağlamlığı sahələrini əhatə edir.

**

Ötən il AQTİ  laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb.

**

2019-cu il ərzində Qida Təhlükəsizliyi İnstitutunda 21-i ödənişli, 48-i ödənişsiz əsaslarla olmaqla ümumilikdə  69 təlim təşkil olunub. Bu təlimlərə  ümumilikdə 3559 nəfər, o cümlədən 455 nəfər ödənişli,  3113 nəfər isə ödənişsiz olmaqla cəlb edilib. Bu barədə məlumat verən  AQTA sədri Qoşqar Təhməzli bildirib ki,  təlimlərdə ümumi olaraq 149 fərqli sahibkarlıq subyektinin əməkdaşları iştirak edib. Hesabat dövründə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalara ümumilikdə 38 675 müraciət daxil olub. Müraciətlərə əsasən ümumilikdə 1 289 806 nümunə müayinələrə cəlb edilib. 17 563 (1.37 % ) nümunədə uyğunsuzluq aşkarlanıb. Nümunələrdən 22 389-u (1.7 %) qida təhlükəsizliyi, 1 209 163-ü (93.7 %) baytarlıq nəzarəti, 58 254-ü (4.5 %) fitosanitar nəzarəti məqsədilə müayinə edilib. Nümunələrin 57 839-u idxal, 934 293-ü ixrac, 9 549-u aparılıb monitorinqlər, 17 846-sı fərdi istək, 369-u şikayət və 269  910-u digər növ əməliyyatlar üzrə müayinəyə cəlb olunub.

**

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.