AQTA qanunsuz fəaliyyət göstərən içməli su sexi aşkarladı


Paylaşılıb 02.07.2020 16:50


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İsmayılov İzayət İsmayıl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində yoxlama keçirilib.

Yoxlama zamanı alkoqolsuz içkilərin istehsalı, saxlanması və satışı zamanı sanitar-gigiyena norma və qaydalarının, eləcə də etiket məlumatlarında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Məlum olub ki, istehsalçı fiziki şəxs olsa da etiketlərin üzərində istehsalçı kimi İ.V.N. MMM və ya rus dilində И.В.Н ООО göstərilib, eyni zamanda istehsalçının ünvanı qeyd edilməyib. Bundan başqa müəssisədə son istifadə müddəti bitmiş 25 kq-lıq qabda qablaşdırılmış İtaliya istehsalı olan “Caramel colour DS7” əmtəə nişanlı boya, “Tərxun Moskva” etiketləri, istifadə müddəti bitmiş və üzərinə yeni son istifadə müddəti yapışdırılmış “Aqua Mineral” əmtəə nişanlı qazsız içməli sular aşkarlanıb.

Götürülən nümunələrdən laborator analizlər zamanı “Aqua Mineral” əmtəə nişanlı qazsız suda bağırsaq çöpü bakteriyaları aşkar edilib, “Moskovski Kvas” əmtəə nişanlı alkoqolsuz içkidə isə quru maddənin kütlə payı və turşuluq tələblərinə cavab vermədiyi müəyyən olunub.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.